Bakı. Trend:
ABŞ vətəndaşlarının təxminən 45 faizi Donald Trampın prezident kimi ilk 100 gününün qeyri-qənaətbəxş olduğunu bildirib.
Trend xəbər verir ki, bu barədə PBS News və NPR ilə birgə aparılan Marist Poll sorğusunun nəticələrində qeyd olunub.
Sorğuya əsasən, Trampın prezidentlik fəaliyyətinə ən sərt qiyməti Demokratlar Partiyasının tərəfdarları verib – onların 80 faizi bu dövrü mənfi qiymətləndirib. Müstəqil seçicilər arasında da oxşar tendensiya müşahidə olunur – onların 49 faizi Trampın fəaliyyətini mənfi dəyərləndirib.
Respondentlərin 23 faizi Trampın ilk 100 gününü “əla”, 17 faizi “yaxşı”, 8 faizi isə “qənaətbəxş” hesab edib. Yalnız 7 faiz bu dövrü “zəif” adlandırıb. Respublikaçılar arasında isə 54 faiz onun fəaliyyətinə ən yüksək, cəmi 5 faiz isə mənfi qiymət verib.
İştirakçıların 42 faizi Trampın ümumi fəaliyyətindən razı olduğunu bildirib, 53 faizi isə narazıdır. Müqayisə üçün, mart ayında bu rəqəmlər müvafiq olaraq 45 və 49 faiz təşkil edib.
İqtisadi siyasətə gəlincə, Trampın bu sahədəki qərarları 39 faiz tərəfindən dəstəklənib, 55 faiz isə tənqid edib. Tarif siyasəti üzrə 34 faiz müsbət, 55 faiz isə mənfi fikir bildirib.
Trampın xarici siyasəti də respondentlərin əksəriyyəti tərəfindən tənqid olunub – 53 faiz tərəfindən mənfi qiymətləndirilib, 39 faiz isə dəstəkləyib. İmmiqrasiya tədbirlərinə gəlincə, 44 faiz müsbət münasibət göstərsə də, 52 faiz bunun əleyhinə çıxıb.