Bakı. Trend:
İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana ilk dəfə rəsmi səfər etməsi ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və regional əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycanla İran arasında münasibətlərin təməli təkcə coğrafi yaxınlıqla deyil, eyni zamanda ortaq mədəniyyət, dil, din və adət-ənənələrlə bağlıdır. Prezident İlham Əliyevin iranlı həmkarı ilə birgə mətbuata açıqlamasında söylədiyi fikirlər həm tarixi gerçəkliklərə əsaslanır, həm də bugünkü geosiyasi reallıq və diplomatik münasibətlərin səviyyəsini özündə əks etdirir
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, İran Prezidentinin Azərbaycanın ərazi bütövlüyü və Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğuna dair açıq dəstəyi beynəlxalq hüquq normaları, ədalət və regional əməkdaşlıq ruhuna uyğun yanaşmadır:
“Bu, Ermənistanın bölgədə revanşist meyillərinə qarşı həmrəylik nümayiş etdirilməsi baxımından da mühüm siqnaldır. Azərbaycan bölgədə bütün qonşuları ilə qarşılıqlı hörmət, ərazi bütövlüyünün tanınması və əməkdaşlığa əsaslanan münasibətlərin tərəfdarıdır. İran Prezidentinin bu bəyanatı ölkələrimiz arasındakı əlaqələrin dostluq və tərəfdaşlıq ruhunda inkişaf etdiyini bir daha təsdiqləyir. Azərbaycan regionda sülh və sabitliyə yönəlmiş istənilən ədalətli mövqeni yüksək qiymətləndirir”.
S.Salmanova qeyd edib ki, Azərbaycan və İran arasındakı əməkdaşlıq yalnız iki ölkə arasında rəsmi və strateji səviyyədə müzakirələrlə məhdudlaşmır:
“Son illər ərzində ölkələr arasında müxtəlif sahələri əhatə edən ümumilikdə 147 sənəd imzalanıb. Bu sənədlər, qarşılıqlı ticarət dövriyyəsinin artırılmasından tutmuş, enerji, nəqliyyat, kənd təsərrüfatı və humanitar məsələlərə qədər bir çox sahəni əhatə edir. Bu həm də iki ölkənin dövlət qurumları arasında etibar və səmimi əməkdaşlığın möhkəmləndirilməsinin göstəricisidir. Bu sənədlər Azərbaycan və İranın inkişafı və tərəqqisi üçün böyük əhəmiyyət daşıyan mühüm hüquqi bazanı təşkil edir”.
Parlamentari hesab edir ki, İran Prezidentinin Azərbaycana rəsmi səfəri regionda iqtisadi, siyasi və mədəni əməkdaşlığın yeni mərhələyə qədəm qoymasının başlanğıcı ola bilər:
“Bu cür yüksək səviyyəli görüşlər və imzalanan sənədlər, hər iki ölkə üçün qarşılıqlı fayda təmin edəcək layihələrin həyata keçirilməsini mümkün edir. Azərbaycanın iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat layihələri, iqtisadi əlaqələrin daha da dərinləşməsi və regional əməkdaşlığın yeni imkanlarla genişlənməsinə şərait yaradır. İranla olan münasibətlərin inkişafı, Azərbaycanın regional və beynəlxalq əməkdaşlığını daha da genişləndirməklə yanaşı, həm də sülh, təhlükəsizlik və iqtisadi inkişaf baxımından mühüm bir addım ola bilər. Bu cür əməkdaşlıq həm iki ölkənin, həm də bölgənin sabitliyini və rifahını təmin etmək baxımından vacibdir”.
Milli Məclisin deputatı Naqif Həmzəyev isə Trend-ə açıqlamasında bildirib ki, Prezidentlər arasında aparılan danışıqlar zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi məsələləri də müzakirə olunub:
“BMT, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlarda iki ölkənin nümayəndələrinin ənənəvi olaraq bir-birinin yanında olduğu vurğulandı. İki dövlət başçısı “bölgə məsələlərinin bölgə ölkələri tərəfindən həll olunması” prinsipinin hər iki tərəfin siyasətinə uyğun olduğunu təsdiqlədi. Eyni zamanda, ölkələrin suverenliyi, ərazi bütövlüyü və daxili işlərə qarışmama kimi prinsiplər də üstün tutuldu.
Danışıqların əsas mövzularından biri də üçtərəfli əməkdaşlıq layihələri, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizi oldu. Prezident İlham Əliyev bu layihənin bütün iştirakçı ölkələrə böyük səmərə gətirəcəyini qeyd etdi və Azərbaycanın öz ərazisində lazımi infrastruktur işlərini tamamladığını bildirdi”.
Millət vəkili xatırladıb ki, dövlət başçıları humanitar və mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsi barədə də razılığa gəliblər:
“Prezident İlham Əliyev son qarşılıqlı mədəniyyət günlərinin səkkiz il əvvəl keçirildiyini qeyd edərək, yaxın gələcəkdə bu təcrübənin bərpa olunacağını bildirdi. Prezident İlham Əliyev qəbul edilmiş qərarların iki ölkə arasındakı əlaqələri uzun illər bundan sonra yüksələn xətlə aparmağa xidmət edəcəyinə əminliyini bildirdi. Azərbaycan-İran əlaqələrinin yüksək səviyyəyə qaldırılması hər iki tərəfin ortaq məqsədi kimi vurğulandı.
İki ölkənin Prezidentləri öz nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşün məhsuldar olduğunu qeyd etdilər və konkret layihələrin icrası üçün yüksəkvəzifəli şəxslər arasında təmasların davam etdiriləcəyini bildirdilər”.
N.Həmzəyev qeyd edib ki, bu səfər nəticəsində imzalanan sənədlər və əldə olunan razılaşmalar Azərbaycan-İran strateji əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu göstərir.