Bakı. Trend:
Böyük Britaniya müdafiə xərclərini artırmaq məqsədilə Dünya Bankının strukturuna daxil olan Beynəlxalq İnkişaf Təşkilatına (BİT) ayıracağı vəsaitin həcminə yenidən baxa bilər.
Trend xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi hökumətə yaxın mənbələrə istinadla məlumat yayıb.
Xatırladaq ki, 2024-cü ilin noyabrında Britaniyanın Xarici İşlər Nazirliyi BİT-ə qarşıdakı üç il ərzində 1,98 milyard funt sterlinq (təxminən 2,66 milyard dollar) vəsait ayıracağını bəyan etmişdi. Bu təşkilat dünyanın ən yoxsul ölkələrinə qrant və güzəştli kreditlər təqdim edir və fəaliyyətini donor ölkələrin ianələri hesabına maliyyələşdirir.
Lakin yeni məlumatlara görə, Britaniya hökuməti həmin öhdəliyin təxminən 2 milyard funt sterlinq səviyyəsində azaldılmasını nəzərdən keçirir. Buna səbəb kimi müdafiə sahəsinə daha çox vəsait ayrılması zərurəti göstərilir.
Məlumatda bildirilir ki, ABŞ-nin Ukraynaya yardımı məhdudlaşdırması fonunda Britaniya hərbi xərclərini artırmağa üstünlük verir və bu məqsədlə xarici yardım büdcəsini ixtisar etməyi planlaşdırır.
Baş nazir Kir Starmer daha əvvəl müdafiə xərclərinin 2027-ci ilə qədər ÜDM-in 2,3%-dən 2,5%-ə yüksəldiləcəyini bildirmişdi. Bu artım isə beynəlxalq inkişaf yardımlarının ÜDM-in 0,5%-dən 0,3%-ə endirilməsi hesabına həyata keçiriləcək.