Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın administrasiyası hakimiyyətə gəldikdən sonra ilk 100 gün ərzində 38 757 nəfər ABŞ-dən Meksikaya geri qaytarılıb.
Trend xəbər verir ki, bu barədə Meksikanın prezidenti Klaudiya Şeynbaum gündəlik mətbuat konfransında məlumat verib.
Onlardan 33 311 nəfəri Meksika vətəndaşı, 5 446 nəfəri isə digər ölkələrdən olan miqrantlardır.
Prezident qeyd edib ki, Meksika hökuməti humanitar səbəblərə görə digər ölkələrdən gələn miqrantları qəbul etməyə davam edir, lakin onların sayı getdikcə azalır: “Heç bir müqavilə bağlamadan, humanitar səbəblərlə şimal sərhədindən gələn əcnəbiləri qəbul etməyə qərar verdik. Lakin onların əksəriyyəti könüllü şəkildə öz ölkələrinə qayıtmaq qərarı verir”.
Şeynbaum əlavə edib ki, ABŞ artıq demək olar ki, bütün ölkələrlə razılığa gəlib və miqrantların birbaşa öz mənşə ölkələrinə təyyarələrlə göndərilməsini təmin edir. Bu səbəbdən də digər ölkələrdən gələn miqrantların sayı kəskin şəkildə azalır.