...

İran Prezidentinin Azərbaycana səfəri Bakı-Tehran münasibətlərində yeni mərhələnin başladığının göstəricisidir - Azər Qarayev

Siyasət Materials 29 Aprel 2025 20:20 (UTC +04:00)
İran Prezidentinin Azərbaycana səfəri Bakı-Tehran münasibətlərində yeni mərhələnin başladığının göstəricisidir  - Azər Qarayev
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla İran arasında münasibətlər uzun və mürəkkəb tarixə söykənir. İki qonşu ölkəni təkcə sərhəd xətti deyil, həm də ortaq dini-mədəni irs, siyasi və iqtisadi maraqlar birləşdirir. Geosiyasi baxımdan mühüm əhəmiyyətə malik olan bu münasibətlər zaman-zaman çətin sınaqlarla üzləşsə də, tərəflər hər zaman dialoqu davam etdirməyə və əməkdaşlığı genişləndirməyə sadiq qalıblar. Ötən gün İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri də bütün bunların bariz nümunəsidir.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

"Azərbaycan və İran arasındakı siyasi əlaqələr çoxşaxəlidir. İki ölkə bir çox regional məsələlərdə ortaq mövqelərə malikdir, lakin münasibətlər zaman-zaman bəzi gərginliklərlə də üzləşib. Sərhədyanı ərazilərdə baş verən insidentlər, üçüncü tərəflərin təsiri və regiondakı geosiyasi proseslər bu münasibətlərin mürəkkəbliyini daha da artırıb. Buna baxmayaraq, hər iki tərəf qarşılıqlı hörmət prinsipinə sadiqlik nümayiş etdirərək, münasibətləri normallaşdırmağa və yeni əməkdaşlıq sahələri axtarmağa çalışır. Bu baxımdan, İran Prezidenti Məsud Pezeşkianın Bakıya səfəri mühüm hadisədir. Prezident İlham Əliyevlə keçirilən görüş zamanı tərəflər həm siyasi, həm iqtisadi, həm də bütün başqa sahələrdə əməkdaşlığın dərinləşməsinin önəmini vurğuladılar", - o bildirib.

Politoloq qeyd edib ki, Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq çərçivəsində böyük imkanlar var.

"Son illərdə iki ölkə arasında ticarət dövriyyəsinin artması müşahidə olunur. 2024-cü ilin sonuna olan məlumata görə, ticarət dövriyyəsi 640 milyon ABŞ dollarını ötüb və bu göstəricinin gələcəkdə daha da artacağı gözlənilir. Azərbaycanın azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərində İran şirkətlərinin iştirakı da liderlər tərəfindən müzakirə olunub. Prezident İlham Əliyev İran şirkətlərini Azərbaycanda həyata keçirilən infrastruktur layihələrində iştiraka dəvət edib. Əlavə olaraq, tərəflər sənaye kooperasiyası, birgə istehsal müəssisələrinin qurulması istiqamətində də əməkdaşlığı genişləndirmək niyyətindədirlər. Bu, həm yerli istehsalın təşviqi, həm də iş yerlərinin yaradılması baxımından önəmlidir", - politoloq bildirib.

A.Qarayev qeyd edib ki, Azərbaycan və İranın nəqliyyat sahəsindəki əməkdaşlığı regionda logistika və ticarət marşrutlarının inkişafına mühüm töhfə verir.

"Xüsusilə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində həyata keçirilən layihələr təkcə iki ölkənin deyil, bütün regionun iqtisadi potensialını artırır. Astarada yerləşən sərhəd-keçid məntəqələrinin modernləşdirilməsi, dəmir yolu bağlantılarının genişləndirilməsi və yükdaşıma infrastrukturlarının yenilənməsi bu sahədə əməkdaşlığın real nəticələridir. Azərbaycan dəhliz boyunca tranzit ölkə kimi mövqeyini möhkəmləndirir, İran isə Hindistan, Pakistan və digər Cənubi Asiya ölkələri ilə əlaqələrini Avropa və Rusiya bazarlarına çıxarma imkanı qazanır. Astara-Astara, o cümlədən, Astara-Rəşt dəmir yolları layihələri də çox böyük önəm daşıyır. Bu yollar vasitəsilə Azərbaycan İranla Rusiya arasında qovuşdurucu rol oynaya bilər.

Həmçinin, Azərbaycan özü İran vasitəsilə Fars Körfəzinə daşımalar həyata keçirə bilər. Bundan əlavə, İran üzərindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin edilməsi üzrə layihə də icra edilir. Bu layihə sayəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə təmin olunacaq. Bununla yanaşı, Xudafərin və Qız Qalası hidroqovşaqları ətrafında inşa edilən yol və körpü layihələri sərhədyanı əməkdaşlıq baxımından strateji əhəmiyyət kəsb edir. Bu körpülər təkcə fiziki bağlantını təmin etmir, həm də iqtisadi və humanitar əlaqələrin inkişafına şərait yaradır", - o bildirib.

Onun sözlərinə görə, Azərbaycan və İran enerji sahəsində də mühüm işlər görürlər.

"Xüsusilə su elektrik stansiyalarının idarə olunması, elektrik enerjisinin qarşılıqlı mübadiləsi və enerji infrastrukturlarının əlaqələndirilməsi istiqamətində praktiki işlər görülür. Xudafərin və Qız Qalası su elektrik stansiyaları həm su ehtiyatlarının idarəsi, həm də enerji hasilatı baxımından ortaq maraqlara cavab verir. Gələcəkdə isə iki ölkə arasında enerji körpülərinin yaradılması, elektrik şəbəkələrinin birləşdirilməsi və üçüncü ölkələrə birgə enerji ixracı layihələri reallaşdırıla bilər, çünki bunun üçün böyük potensial mövcuddur.

Bu layihələr enerji təhlükəsizliyi baxımından region üçün strateji əhəmiyyət daşıyar və eyni zamanda, ölkələr arasında texniki və maliyyə əməkdaşlığını dərinləşdirər. İranın qaz ehtiyatları və Azərbaycanın mövcud enerji infrastruktur imkanları nəzərə alındıqda, hər iki tərəf üçün qaz ixracı, maye qaz terminalları və enerji saxlanması texnologiyaları sahəsində birgə təşəbbüslər üçün zəmin mövcuddur", - o bildirib.

A.Qarayev qeyd edib ki, İran Prezident Məsud Pezeşkianın Bakıya səfəri Azərbaycan-İran münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi.

"Səfər çərçivəsində əldə olunan razılaşmalar siyasi, iqtisadi və mədəni əməkdaşlığını dərinləşdirməyə xidmət edəcək. İki ölkə arasındakı əlaqələrin inkişafı təkcə ikitərəfli münasibətlərin deyil, həm də regional sabitlik və rifahın möhkəmlənməsi baxımından önəmlidir. Nəqliyyat və enerji layihələri kimi strateji əməkdaşlıq sahələri regionun gələcəyini formalaşdıracaq əsas sütunlardandır. Azərbaycan və İran qarşılıqlı maraqlara əsaslanan, suverenliyə və mehriban qonşuluğa hörmət prinsipləri üzərində qurulmuş münasibətlərini daha da gücləndirmək üçün yeni imkanlar əldə ediblər. Bu imkanlardan səmərəli istifadə gələcək nəsillər üçün sabit və firavan regional əməkdaşlıq mühitinin formalaşmasına zəmin yarada bilər", - politoloq əlavə edib.

Xəbər lenti

Xəbər lenti