Bakı. Trend:
Macarıstanın birpalatalı parlamenti ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Qanunverici orqanın saytında canlı yayımlanan səsvermə zamanı sənədin lehinə deputatların üçdə ikisindən çoxu səs verib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Sənədi parlamentə təqdim edən Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, son illərdə BCM ciddi şəkildə siyasiləşib və bir sıra dövlətlər tərəfindən beynəlxalq münaqişələrdə öz məqsədlərinə çatmaq üçün alət kimi istifadə olunmağa başlayıb.
“Macarıstan hesab edir ki, beynəlxalq təşkilatlarda siyasətə və geosiyasətə yer yoxdur,” – deyə nazir vurğulayıb.