...

Salvador ekosistemlərin qorunması üçün 1 milyard dollar məbləğində borc konvertasiya edib - Nazir

Yaşıl iqtisadiyyat Materials 20 Noyabr 2024 17:37 (UTC +04:00)
Salvador ekosistemlərin qorunması üçün 1 milyard dollar məbləğində borc konvertasiya edib - Nazir
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Salvador ekosistemlərin qorunması üçün öz tarixində ən böyük dövlət borcunun konvertasiyasını tamamlayıb və bu, 1 milyard ABŞ dolları təşkil edib.

Trend xəbər verir ki, bu barədə Salvadorun ekologiya naziri Fernando Andres Lopes Larreynaqa COP29 sammitində milli bəyanatı ilə çıxışı zamanı bildirib.

"Bu vəsait ekosistemlərin qorunmasına, su hövzələrinin bərpasına və ölkənin su təhlükəsizliyinin təmin edilməsinə yönəldiləcək", — deyə o bildirib.

Nazirin sözlərinə görə, Salvador iqlim dəyişikliklərinin nəticələrindən əziyyət çəkir. Hər il ölkə daşqınlar, quraqlıqlar və temperaturun artması kimi ekstremal hidrometeoroloji hadisələrlə üzləşir ki, bu da infrastruktur və ekosistemlərə dağıdıcı təsir göstərir.

"Salvador qlobal istixana qazı emissiyalarının yalnız 0,4 faizini istehsal etsə də, ölkə iqlim fəlakətlərindən ciddi şəkildə əziyyət çəkir. İqlim dəyişikliyinə adaptasiya və ekosistemlərin qorunması məqsədilə Salvador iddialı strategiyalar həyata keçirir. Bunlara bərpa olunan enerji mənbələrinə keçid və elektromobil texnologiyalarının təşviqi daxildir. Ölkənin enerji matrisi 91 faiz bərpa olunan mənbələrdən ibarətdir, və hökumət "yaşıl" texnologiyalara və yeni iş yerlərinin yaradılmasına fəal şəkildə sərmayə qoyur", — deyə nazir əlavə edib.

Onun sözlərinə görə, Salvador öz iqlim strategiyası çərçivəsində ekosistemlərin qorunması üçün iqtisadi cəhətdən səmərəli həllər yarada biləcək karbon kreditləri bazarını inkişaf etdirir. Bundan əlavə, ölkədə iqlim risklərini analiz etmək və fövqəladə hallara vaxtında cavab vermək üçün erkən xəbərdarlıq sistemi tətbiq olunur.

"Biz hər bir qərarımızın davamlı inkişafı təmin etməsinə çalışırıq ki, bu da iqlim təhdidlərinə qarşı durmaqla yanaşı, vətəndaşlarımız üçün yeni iqtisadi imkanlar yaratsın", — deyə nazir vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti