...

Ələt, Aktau və Türkmənbaşı limanlarının dəmir yolu və avtomobil şəbəkələri ilə daha yaxşı inteqrasiyaya ehtiyacı var - Xurşid Rüstəmov

Yaşıl iqtisadiyyat Materials 20 Noyabr 2024 13:01 (UTC +04:00)
Ələt, Aktau və Türkmənbaşı limanlarının dəmir yolu və avtomobil şəbəkələri ilə daha yaxşı inteqrasiyaya ehtiyacı var - Xurşid Rüstəmov
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Ələt, Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanları yüklərin multimodal emalı imkanlarını yaxşılaşdırmaq üçün modernləşdirilməli və dəmir yolu və avtomobil şəbəkələri ilə daha yaxşı inteqrasiya olunmalıdır.

Trend xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı nümayəndəsi Xurşid Rüstəmov COP29 çərçivəsində keçirilən "Dayanıqlı əlaqəlilik yolları: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM), onun üzv dövlətlərinin və Asiyanın regional təşkilatlarının təhlükəsiz, səmərəli və iqlim dəyişikliyinə davamlı nəqliyyat dəhlizlərinin təmin edilməsi istiqamətində səyləri" mövzusunda panel müzakirədə bildirib

"Beynəlxalq Enerji Agentliyinin qiymətləndirmələrinə görə, hava, dəmir yolu, dəniz və avtomobil nəqliyyatını əhatə edən beynəlxalq ticarət yükləri dünya üzrə emissiyaların təxminən 8 faizini, anbarlar və limanlar da daxil olmaqla bu rəqəm 11 faizə qədər təşkil edir.

Gördüyünüz kimi, beynəlxalq yükdaşımalarda emissiyaların qlobal səviyyədə payı kifayət qədər böyükdür. Nəqliyyat növləri arasında yük avtomobil daşımaları ən çox çirkləndirici hesab olunur. Qlobal ticarətin artması ilə yükdaşımalar üzrə emissiyaların yaxın illərdə artacağı proqnozlaşdırılır. Bu kontekstdə yük daşımalarının karbon izini azaltmaq üçün kollektiv səylər olduqca vacibdir", - deyə o qeyd edib.

Onun sözlərinə görə, tövsiyələrdən biri nəqliyyat infrastrukturunun və avtomobil parkının modernləşdirilməsinə sərmayələrin artırılmasıdır.

"Məsələn, Azərbaycanın Ələt, Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı kimi dəniz limanları Xəzər dənizində ticarətdə mühüm rol oynayır, lakin yüklərin multimodal emalı imkanlarını artırmaq üçün onların modernləşdirilməsinə və dəmir yolu və avtomobil şəbəkələri ilə daha yaxşı inteqrasiyasına ehtiyac var", - deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti