...

Bəhreyn 2060-cı ilə qədər karbon neytrallığına nail olmağı öhdəsinə götürür və COP29-da qlobal əməkdaşlığa çağırır

İqtisadiyyat Materials 20 Noyabr 2024 11:29 (UTC +04:00)
Bəhreyn 2060-cı ilə qədər karbon neytrallığına nail olmağı öhdəsinə götürür və COP29-da  qlobal əməkdaşlığa çağırır
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bəhreyn, qlobal karbon emissiyalarına cüzi töhfəsinə baxmayaraq, iqlim dəyişikliyi ilə mübarizə istiqamətində qətiyyətli addımlar atır.

Trend xəbər verir ki, bu barədə Bəhreynin neft və ətraf mühit naziri Mohammed bin Mubarak bin Daynah COP29 Sammitində milli bəyanatla çıxışı zamanı bildirib.

"Bəhreyn, alçaq ərazilərdə yerləşən bir ada dövləti kimi, qlobal istixana qazı emissiyalarının cəmi 0,1 faizindən də azını istehsal edir, lakin biz nümunəvi olmaq qərarına gəlmişik", – deyə o qeyd edib və qlobal əməkdaşlığın zəruriliyini vurğulayıb.

Kral Həməd bin İsa Əl Xəlifə və vəliəhd şahzadə Salman bin Həməd Əl Xəlifənin rəhbərliyi ilə Krallıq, iqlim gündəliyi çərçivəsində iddialı hədəflər müəyyən edib. Bu hədəflər arasında 2035-ci ilə qədər emissiyaların azaldılması və 2060-cı ilə qədər karbon neytrallığına nail olunması daxildir. Bu məqsədlərə çatmaq üçün Bəhreyn özəl və dövlət sektorlarının səylərini birləşdirən milli enerji strategiyası hazırlayıb.

O, həmçinin, ətraf mühitin bərpasının Krallığın əsas fəaliyyət istiqamətlərindən biri olduğunu vurğulayıb.

“Ekoloji təşəbbüslər sırasında ölkənin meşə örtüyünün ikiqat artırılması və manqrov meşələrinin sahəsinin dörd dəfə genişləndirilməsi planları var. Bundan əlavə, iqlim təhlükələrinə qarşı 946 kilometrlik sahil xəttini qorumaq məqsədilə sahil ərazilərinin davamlılığını təmin edən kompleks strategiya hazırlanıb”, - nazir qeyd edib.

Bəhreynin beynəlxalq ictimaiyyətlə təcrübə mübadiləsinə hazır olduğunu bildirib. Lakin nazir inkişaf etməkdə olan ölkələrə dəstək üçün inkişaf etmiş ölkələrdən maliyyə, texnoloji və peşəkar dəstəyin vacibliyini vurğulayaraq, effektiv beynəlxalq əməkdaşlığın yenidən bərpasına çağırıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti