Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Trend Vətən müharibəsinin noyabrın 4-nə olan xronikasını təqdim edir:
- Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Cəbrayıl, Zəngilan və Qubadlının bir neçə kəndini işğaldan azad etməsi ilə bağlı paylaşım edib.
- Prezident İlham Əliyev İtaliyanın "La Repubblica" qəzetinə müsahibə verib.
- Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib. Düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb.
- Düşmən Tərtər və Ağcabədi rayonlarının ərazisini atəşə tutub. Ermənistan Tovuz və Ağstafa istiqamətində atəşkəs rejimini pozub.
- Ermənistanın zenit qurğusu sıradan çıxarıldığının videogörüntüsü yayılıb. Erməni kapitan Ando Qrikoryan hərəkət etdiyi UAZ-la birlikdə məhv edilib.
- Düşmən Tərtəri atəşə tutub. Ermənistan ərazisindən Zəngilan istiqamətindəki bölmələrimizə qarşı düşmənin diversiya cəhdinin qarşısı alınıb.