Bakı. Trend:
Noyabrın 3-də Səmərqənddə keçirilən UNESCO Baş Konfransının 43-cü sessiyasında 15 dekabr tarixinin Ümumdünya Türk Dili Ailəsi Günü kimi elan edilməsi barədə qərar qəbul edilib.
Trend-in məlumatına görə, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasından bildirilib ki, seçilmiş tarix 1893-cü ilin əlamətdar bir günü ilə əlaqəlidir.
Məhz həmin gün danimarkalı alim Vilhelm Tomsen “Orxon” yazılarını – türk dillərinin ümumi köklərini üzə çıxaran ən qədim yazılı abidələri oxuyub deşifrə edib.
İki ildən bir çağırılan UNESCO Baş Konfransında təşkilatın 194 üzv dövlətinin nümayəndələri iştirak edir və burada təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində qlobal prioritetlər müəyyən edilir.
Bu il Səmərqənddə keçirilən 43-cü sessiya mədəniyyətlərarası dialoqun təşviqi, mədəni irsin qorunması və beynəlxalq əməkdaşlıq vasitəsilə dayanıqlı inkişaf məsələlərinə həsr olunub.
