Bakı.Trend:
29 sentyabr 2014-cü ildə imzalanmış "Xəzər dənizinin su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi barədə” sazişə əsasən yaradılmış Xəzər dənizinin su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi, eləcə də onların birgə ehtiyatlarının idarə olunması üzrə Komissiya bu ilin noyabr ayının sonlarından işinə başlayacaq.
Bunu Trend-ə müsahibəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Balıqçılıq və Akvakultura Mərkəzi" publik hüquqi şəxsin direktoru Ceyhun Əliyev deyib.
O bildirib ki, bu il komissiya Türkmənistanın Aşqabad şəhərində toplanacaq:
“Həmin komissiya ildə bir dəfə toplanır və dənizdə olan balıqların ümumi kvotasını müəyyən edir. Komissiyanın tərkibində beş Xəzəryanı dövlətin səlahiyyətli qurumlarının nümayəndələri iştirak edəcək. Biz də bu il həmin komissiyanın tərkibində olacağıq”.
C.Əliyev əlavə edib ki, bundan öncəki illərdə isə yalnız Rusiya Federasiyasının araşdırmalarına istinad edirdik, indi isə öz nəticələrimiz əlimizdə olacaq.
