Bakı. Trend:
Rumıniyada səfərdə olan Azərbaycan nümayəndə heyəti bu ölkənin Milli Audiovizual Şurasının qərargahında qurumun vitse-prezidenti, prezident vəzifəsini icra edən Valentin-Aleksandru Jukan ilə görüşüb.
Trend bu barədə Audiovizual Şuraya istinadən xəbər verir.
Görüşdə Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov və digər nümayəndələr iştirak etmişlər.
Azərbaycan və Rumıniya arasında audiovizual media sahəsində əməkdaşlığın mövcud vəziyyəti və yeni əməkdaşlıq istiqamətlərinin müzakirə olunduğu görüşdə Valentin-Aleksandru Jukan bildirmişdir ki, Rumıniyanın media məkanında informasiya təhlükəsizliyi, rəqəmsal transformasiya və gənc jurnalistlərin təlim proqramları prioritet istiqamətlərdəndir. O, Azərbaycanla bu sahədə təcrübə mübadiləsinin hər iki tərəf üçün faydalı olacağını qeyd etmişdir.
Valentin-Aleksandru Jukan, həmçinin, Rumıniyada tətbiq olunan DAS (Digital Alert System) – Rəqəmsal Xəbərdarlıq Sistemi barədə ətraflı məlumat vermişdir. O bildirmişdir ki, bu sistem ölkə üzrə bütün televiziya və radio yayım şəbəkələrinə inteqrasiya olunub və fövqəladə hallar, təbii fəlakətlər və ictimai təhlükəsizliklə bağlı vacib məlumatların əhaliyə real vaxt rejimində çatdırılmasını təmin edir. DAS sistemi Rumıniyanın audiovizual sektorunda rəqəmsal təhlükəsizlik və ictimai xəbərdarlıq mexanizmlərinin avtomatlaşdırılmasını nəzərdə tutur. Sistem həm dövlət qurumları, həm də media tənzimləyici orqanlar üçün məlumat mübadiləsini sürətləndirərək, milli yayım şəbəkəsinin dayanıqlığını gücləndirir.
Dəvətə görə rumıniyalı həmkarına təşəkkür edən İsmət Səttarov Azərbaycanda audiovizual media sahəsində görülən işlər, tənzimlənmə prosesi, ölkədə bu istiqamətdə həyata keçirilən islahatlar və gələcək planlar barədə ətraflı məlumat vermişdir. İsmət Səttarov qeyd etmişdir ki, iki ölkə arasında audiovizual media və onun tənzimlənməsi sahəsində əməkdaşlığın genişləndirilməsi və daha yüksək mərhələyə qədəm qoyması üçün geniş imkanlar mövcuddur. O, əlavə etmişdir ki, həm Azərbaycan Respublikası Audiovizual Şurası, həm də Rumıniyanın Milli Audiovizual Şurası Qara Dəniz Yayım Tənzimləyici Orqanlarının Forumu BRAF-ın və Yayım Tənzimləyici Orqanların Avropa Platforması olan EPRA-nın fəal üzvləridirlər.
Əhməd İsmayılov tənzimləmə mexanizmlərinin beynəlxalq standartlara uyğunlaşdırılması, televiziya və radio yayımında peşəkar meyarların təkmilləşdirilməsi, həmçinin yayımçıların qarşılıqlı təcrübə mübadiləsinin təşkilinin əhəmiyyəti barədə fikirlərini bildirmişdir.
Vüqar Əliyev çıxışında Azərbaycanın media sahəsində son illər həyata keçirdiyi islahatlar, televiziya və rəqəmsal yayım sistemlərinin modernləşdirilməsi, həmçinin beynəlxalq media platformalarına inteqrasiyası barədə məlumat vermişdir. O qeyd etmişdir ki, Azərbaycan regionda müasir media infrastrukturuna malik ölkələrdən biridir və Rumıniya ilə birgə layihələr bu istiqamətdə yeni imkanlar açır.
Səfir Qüdsi Osmanov iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin informasiya və media sahəsində də öz əksini tapdığını bildirmişdir. O qeyd etmişdir ki, bu əməkdaşlıq yalnız informasiya mübadiləsi ilə məhdudlaşmamalı, həm də rəqəmsal yayım, kontent istehsalı və mədəni diplomatiya sahələrində yeni təşəbbüslərlə zənginləşməlidir.
Görüşdə tərəflər media tənzimləməsi, yayım etikası, dezinformasiya ilə mübarizə, audiovizual istehsal bazarının inkişafı kimi məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
