Bakı.Trend:
“Azərbaycan Dəmir Yolları” QSC tərəfindən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm seqmentlərindən olan Ələt–Osmanlı–Astara dəmir yolu xəttinin yenidən qurulması üzrə işlərə 2024-cü ildən başlanılıb.
Bu barədə Trend-ə ADY-dən məlumat verilib.
Bildirilib ki, dəmir yolu xəttinin ox üzrə uzunluğu 245 km-dir. Tikinti işlərinin 2028-ci ilə qədər başa çatdırılması planlaşdırılır.
Ələt–Osmanlı–Astara dəmir yolu xəttinin layihələndirilməsi işlərinin 55%-i yerinə yetirilib, xəttin tikinti-quraşdırma işlərinin isə Ələt–Osmanlı hissəsi üzrə 37%-i başa çatıb.
Layihə 4 mərhələdə həyata keçirilir. 1-ci mərhələ 60 km uzunluğunda Ələt–Osmanlı hissəsini əhatə edir. Bu mərhələyə ümumilikdə 77 süni mühəndis qurğusu, o cümlədən 3 dəmiryol körpüsü, 3 avtomobil üst keçidi, eləcə də müxtəlif ölçülü suötürücü boruların tikintisi və heyvanların keçidi üçün alt keçidlərin tikintisi daxildir. 1-ci mərhələ üzrə işlər həmçinin 3 stansiyanın (Yeni Ələt, Şirvan və Osmanlı) yenidən qurulmasını nəzərdə tutur.
2-ci mərhələ üzrə Kür çayı üzərində körpünün tikintisi tamamlanıb. Digər mərhələlər üzrə layihələndirilmə işləri davam etidirilir.
ADY tərəfindən Ələt–Osmanlı–Astara dəmir yolu xəttinin yenidən qurulması işləri davam etdirilir. Hazırda bu marşrutla yükdaşıma həyata keçirilsə də, infrastrukturun mövcud vəziyyəti sərnişin daşımalarına imkan vermir.
