Bakı. Trend:
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Flora Hüseynova nazirliyin rəsmi saytına müsahibə verib.
Trend həmin müsahibəni təqdim edir:
- Flora xanım, ilk öncə kontrasepsiya və onun əhəmiyyəti barədə məlumat verərdiniz…
- Kontrasepsiya anlayışı sadəcə hamiləliyin qarşısını almaq
deyil, həm də sağlam və xoşbəxt bir ailə həyatının
planlanlandırılmasıdır. Bu, reproduktiv sağlamlığın əsas
elementlərindən biri kimi, ailələrə uşaqlarının sayını və doğulma
vaxtını öncədən müəyyənləşdirməyə imkan verir.
Müasir kontraseptiv üsullar müxtəlifdir. Belə ki, bariyer
metodları, hormonal preparatlar, təbii üsullar, uzunmüddətli geri
çevrilən və daimi metodlar hər bir ailənin fərqli ehtiyacına cavab
verə bilir. Əsas məqsəd isə qadın və kişinin öz gələcəkləri
üzərində şüurlu qərarlar verməsidir.
Kontraseptiv metodlar əsasən üç qrupa bölmək olar. Məcburi olmayan,
yəni qeyri-tibbi metodlara təqvim üsulu və təbii ailə
planlaşdırılması.
Bariyer üsulları – prezervativ və diafraqma – həm hamiləlikdən
qoruyur, həm də cinsi infeksiyaların qarşısını alır. Hormonal
vasitələr, məsələn, həb, inyeksiya və dəri altı implantlar yüksək
effektivliyi ilə seçilir. Daxilə yerləşdirilən vasitələr – spiral
və digər IUD-lər uzunmüddətli qorunma imkanı yaradır.
Cərrahi sterilizasiya üsulu (qadında boruların, kişidə toxum
yollarının bağlanması) isə qadın və ya kişidə daimi qorunma təmin
edən metod sayılır.
Kontrasepsiya sayəsində arzuolunmaz hamiləliklərin qarşısı alınır,
qadınların sağlamlığı qorunur, uşaqlar isə daha yaxşı həyat şəraiti
ilə dünyaya gəlirlər.
- Kontrasepsiyada ən çox rast gəlinən yanlış fikirlər hansılardır?
- İnsanlar düşünür ki, kontraseptiv üsullar sağlamlığa ciddi
zərər vurur. Halbuki, müasir metodlar həkim məsləhəti ilə
seçildikdə tamamilə təhlükəsizdir. Digər yanlış fikir isə budur ki,
ailə planlanması yalnız qadının məsuliyyətidir. Əslində bu, həm
qadının, həm də kişinin ortaq qərarı olmalıdır.
Başqa bir yanlış fikir, ailə planlaşdırılmasının ailələrin
çoxuşaqlı olmasına maneə yaratmasıdır. Əslində isə ailə planlanması
uşaqların sayını azaltmaq yox, onları daha sağlam və planlı dünyaya
gətirmək üçün mövcuddur.
Çox vaxt hormonal həb sonsuzluğa səbəb olur deyə düşünülür, lakin
bu, həqiqətə uyğun deyil. Əksinə, həb dayandırıldıqdan sonra
qadının doğma qabiliyyəti bərpa olunur. Qoruyucu üsul (prezervativ)
yalnız arzuolunmaz hamiləliyin qarşısını almır, eyni zamanda cinsi
yolla keçən infeksiyalara qarşı da effektiv qoruyucu vasitədir.
Spiralın yalnız çox uşaq doğmuş qadınlara qoyulması ilə bağlı fikir
də səhvdir, çünki bu vasitə doğmamış qadınlarda da tətbiq oluna
bilər.
- Kontrasepsiya ailə planlanması prosesində hansı rolu oynayır?
- Kontrasepsiya ailə planlanmasının ən əsas vasitəsidir. O,
insanlara seçim imkanı verir. Əgər ailə hələ uşağa hazır deyilsə,
bu metodlardan istifadə etməklə hamiləlik təxirə salına bilər.
Əksinə, ailə artıq övlad sayını tamamladığını düşünürsə,
uzunmüddətli və ya daimi kontraseptiv üsullardan faydalana
bilər.
Ən vacib məqam odur ki, hər kəs üçün uyğun üsul fərqli ola bilər.
Buna görə də mütləq həkimlə məsləhətləşmək lazımdır. Hər bir
qadının yaşı, sağlamlıq vəziyyəti və həyat planları fərqlidir.
- Sağlamlıq baxımından ailə planlanmasının üstünlükləri nələrdir?
- Birincisi, hamiləliklər arasında kifayət qədər fasilə saxlamaq
çox önəmlidir. Qadın orqanizminin tam bərpa olunması üçün zamana
ehtiyacı var. Əgər hamiləliklər çox sıx aralıqlarla baş verirsə, bu
həm ananın sağlamlığını, həm də körpənin inkişafını risk altına
sala bilər. Planlı hamiləliklər isə ananın əvvəlcədən tibbi
müayinədən keçməsinə, lazım gələrsə vitamin və dəstəkləyici müalicə
qəbul etməsinə şərait yaradır. Bu isə nəticədə həm ana, həm də uşaq
üçün sağlamlıq baxımından daha yaxşı nəticə deməkdir.
İkinci tərəfi isə psixoloji rifahdır. Arzuolunmaz hamiləliklər çox
vaxt ailədə gərginlik yaradır, stresi artırır. Əgər ailə hamiləliyi
əvvəlcədən planlaşdırırsa, bu həm ana, həm ata, həm də ailənin
digər üzvləri üçün daha sakit və xoşbəxt mühit yaradır.
Müasir tibb ailə planlaşdırmasına bir çox yolla dəstək olur.
Hamiləlik dövrünü təhlükəsiz keçirmək üçün genetika və prenatal
diaqnostika kimi sahələr inkişaf edib. Bu texnologiyalar gələcək
valideynlərə sağlam uşaq dünyaya gətirmək üçün əlavə imkanlar
verir.
- Ailə planlanlandırılması həmişə asandırmı, yoxsa çətinliklər baş verə bilər?
- Ailə planlanlandırılması bəzən asan görünsə də, hər zaman sadə
olmur. Çətinliklər tibbi və ya psixoloji səbəblərdən qaynaqlana
bilər. Cütlüklər uzun müddət uşaq sahibi ola bilmədikdə, bu,
hormonal pozuntular, sonsuzluq və digər tibbi problemlərlə bağlı
ola bilər. Belə hallarda həkim müayinəsi və müalicəsi vacibdir.
Genetika və prenatal diaqnostika isə gələcəkdə sağlam uşaq dünyaya
gətirmək üçün valideynlərə əlavə dəstək olur.
Ailə planlanlandırılmasında təkcə tibbi səbəblər rol oynamır.
Cəmiyyət və ailə tərəfindən edilən təzyiqlər cütlüklərdə psixoloji
gərginlik yarada bilər. Bu isə, öz növbəsində, münasibətlərə mənfi
təsir göstərir. Bu hallarda, cütlüklər öz qərarlarında qəti olmalı
və kənar fikirləri çox nəzərə almamalıdırlar.
- Ailə planlanlanmasının qadınların sosial həyatına və karyerasına təsiri necə olur?
- Qadınların həyatında ailə planlaması çox böyük rol oynayır.
Təsəvvür edin ki, bir qadın təhsilini davam etdirmək, peşəkar
sahədə irəliləmək istəyir. Əgər o, hamiləliklərini planlı şəkildə
həyata keçirirsə, həm öz arzularını reallaşdıra, həm də daha sonra
sağlam hamiləliklər yaşaya bilər. Bu, qadının yalnız öz həyatına
deyil, ailəsinə müsbət təsir göstərir. Çünki güclü, özünə inamlı,
karyerasında uğurlu qadın eyni zamanda daha güclü ana olur.
Bundan əlavə, qadınların iş həyatında fəallığı artır və cəmiyyətin
inkişafına da töhfə verir. Yəni, ailə planlaması yalnız fərdi
səviyyədə yox, həm də ümumi sosial inkişafda mühüm amildir.
- Ailə planlanmasının uşaqların rifahına təsirini necə qiymətləndirmək olar?
- Uşaqlar valideynlərin ən böyük dəyəridir. Əgər ailə
uşaqlarının sayını və vaxtını planlı şəkildə müəyyənləşdirirsə, bu
zaman hər bir uşağa daha çox diqqət, sevgi və qayğı göstərmək
mümkündür.
Planlı ailələrdə böyüyən uşaqlar daha sağlam qidalanır, daha yaxşı
təhsil alır və emosional baxımdan daha güclü böyüyürlər. Yəni, ailə
planlaması təkcə valideynlərin deyil, uşaqların da gələcəyini
qoruyur.
- Sonda ailə planlanmasına dair gənclərə nə tövsiyə edərdiniz?
- Gənclər ilk növbədə düzgün məlumat əldə etməlidirlər.
İnternetdə çoxlu elmi əsaslandırılmamış məlumatlar var, ona görə
mütləq həkimlə məsləhətləşmək lazımdır. Hər kəs üçün uyğun metod
fərqlidir. Hər hansı bir kontraseptiv vasitə istifadə etməzdən
əvvəl qadının sağlamlıq vəziyyəti, yaşı, doğuş sayı nəzərə
alınmalıdır.
Ailə planlanlandırılması sadəcə tibbi və ya iqtisadi məsələ deyil,
bu, sevgi və məsuliyyət dolu bir qərardır. Hər bir cütlüyün öz
münasibətini, arzularını və imkanlarını nəzərə alaraq, ailə qurmaq
üçün atdığı ən düşünülmüş addımdır.