Bakı. Trend:
İranın cənubunda və şimal hissələrində 8 Atom Elektrik Stansiyası inşa olunacaq.
Trend-in məlumatına görə, bunu İranın vitse-prezidenti və Atom Enerjisi Təşkilatının sədri Məhəmməd Eslami bu gün İran prezidenti Məsud Pezeşkianın nüvə sənayesi üzrə müdirlərlə görüşündə deyib.
Onun sözlərinə görə, Rusiya ilə əməkdaşlıq çərçivəsində AES-lərin tikilməsi üzrə müqavilə imzalanıb. Qeyd olunan AES-lərdən 4-ü İranın cənubunda Buşehr vilayətində, 4-ü isə ölkənin şimal hissəsində inşa olunacaq.
Eslami bildirib ki, 2003-cü ildə İranda hələki yeganə olan Buşehr AES-i istifadəyə verilib. Tənzimlənən proqrama əsasən ölkənin müxtəlif bölgələrində inşa olunacaq AES-lər ölkənin ehtiyac duyduğu elektrikin təmin olunmasına kömək edəcək.
İranın vitse-prezidenti deyib ki, İranın cənub-qərbində Xuzistan vilayətində İslam İnqilabından öncə (1979) Darxovin Atom Elektrik Stansiyasının tikintisinə başlanılıb. Son illər ərzində bu stansiyanın tikintisi yerli mütəxəssislər tərəfindən yenidən davam etdirilir.
Eslami qeyd edib ki, bundan əlavə İranın şimalında Gülüstan vilayətinin Xəzər dənizi sahillərində Atom Elektrik Stansiyasının tikintisi üçün məkan müəyyənləşib.
“Ölkənin müxtəlif məkanlarında AES-lərin inşa olunması ilə nüvə sahəsində elektrik istehsalını 20 min meqavata yüksəltmək üzrə işlər aparılır”, -deyə o qeyd edib.
Təşkilat sədri deyib ki, Buşehr Atom Elektrik Stansiyasının 2 və 3-cü bloklarının tikintisi hətta İrana 12 günlük hərbi hava hücumları zamanı davam etdirilib. Hazırda da tikinti prosesi davam edir.
Qeyd edək ki, İranın Buşehr AES-nin 1-ci bloku 2011-ci ildə fəaliyyətə başlayıb. 2013-cü ildə blokun istismarı Rus Atom Şirkəti tərəfindən İran şirkətinə təhvil verilib. 2013-cü ildən bu blokda maksimum elektrik yəni 1 min meqavat saat elektrik istehsal olunub. 10 il ərzində Buşehr Atom Elektrik Stansiyasında elektrik istehsalı 65 milyard kilovat saatdan çox təşkil edib.
Əlavə edək ki, Buşehr AES-nin 2 və 3-cü bloklarının tikintisinə 2017-ci ildə 50 hektar ərazidə başlanıb. Bu bloklar istifadəyə verildiyi halda hər birinin 1 057 meqavat elektrik istehsal etmək potensialı olacaq. Bu iki blokun istifadəyə verilməsi ilə ildə 10 milyon barel xam neft və yaxud 1,6 milyard kubmetr qaza qənaət olunacaq və 7 milyon ton çirkləndirici qazların ətraf mühitə yayılmasının qarşısı alınacaq.
