Bakı.Trend:
2025-ci il 13-23 oktyabr tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin təşkilatçılığı ilə Xəzər dənizində və daxili su hövzələrində balıq ehtiyatlarının elmi əsaslarla öyrənilməsi və düzgün qiymətləndirilməsi məqsədilə keçirilən ekspedisiya uğurla yekunlaşsa da, elmi-tədqiqat işləri hələ bitməyib.
Bunu Trend-ə özəl müsahibəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Balıqçılıq və Akvakultura Mərkəzi" publik hüquqi şəxsin direktoru Ceyhun Əliyev deyib.
O bildirib ki, ekspedisiyanın əsas məqsədi Azərbaycanın həm Xəzər dənizi akvakulturasında, həm də daxili sularında balıq ehtiyatlarının qiymətləndirilməsi idi:
“Bu qiymətləndirməyə o səbəbdən ehtiyac duyuruq ki, növbəti illərdə balıq ehtiyatlarının bərpası üçün nə qədər balıq buraxma əməliyyatlarının lazım olduğunu müəyyənləşdirə bilək. Ekspedisiya əsasən, Abşeron yarımadasının şimal-cənub istiqamətlərinə yönələrək aparılıb. Eyni zamanda Azərbaycanın daxili sularında ekspedisiya qrupu çalışıb”.
Ekspedisiya zamanı nəsli kəsilməkdə olan Nərə kimilər və Xəzər Qızıl balığına rast gəlinməyib
C.Əliyev bildirib ki, çox güman ki, ekspedisiya müddəti qısa olduğundan bu balıqlar müşahidə edilməyib.
"Kilkə Xəzərdə ən çox ovlanan balıqlardan biridir. Bu balıqların ovlanması 5 Xəzəryanı ölkəsinin qərarıyla kvotalara bölünüb. Bu ilin noyabr ayının sonlarından “Xəzər dənizin su ehtiyatları resurslarından səmərəli istifadəsi haqqında” sazişə əsasən, yaradılan komissiya işinə başlayacaq. Həmin komissiya ildə bir dəfə toplanır və dənizdə olan balıqların ümumi kvotasını müəyyən edir. Biz də bu il həmin komissiyanın tərkibində iştirak edəcəyik. Bundan öncəki illərdə isə yalnız Rusiya Federasiyasının araşdırmalarına istinad edirdik, indi isə öz nəticələrimiz əlimizdə olacaq”,- deyə mərkəz rəhbəri əlavə edib.
O açıqlayıb ki, Xəzərdə təxminən 500-700 min aralığında kilkə ehtiyatı var:
“Bəzi balıq növlərinin isə daxili sularda ehtiyatı azalıb. Məsələn, Çəki kimilər şirin su hövzələri və süni göllərdə sürətlə artmalıdır, lakin, Xəzər dənizində ekspedisiya müddətində çəki kimilərə rast gəlmək tezliyi çox aşağı olub”.
"Balıqçılıq və Akvakultura Mərkəzi"nin direktoru bildirib ki, Azərbaycanda süni göllər, akvakultura mərkəzləri və kanal tipli təsərrüfatların ümumi sayı 76-ya çatıb.
C.Əliyev vurğulayıb ki, bəzi bu tipli təsərrüfatlar qeydiyyata düşməsələr də, fəaliyyət göstərirlər:
“Akvakultura mərkəzlərinin qeydiyyat prosesinin asanlaşdırılması məqsədilə qanunvericiliyə təkliflər hazırlamışıq”.
Balıqçılıqla bağlı yeni yaradılacaq elektron uçotun məqsədi
“Balıqçılıqla bağlı elektron uçotun yaradılması planlaşdırılır. Bunun əsas məqsədi balıqçılıq sahəsində fəaliyyət göstərən subyektlərin fəaliyyətinin şəffaflaşdırılmasıdır. Digər proses isə akvakultura təsərrüfatlarının istehsalatının dayanıqlığını təmin etmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən növbəti illərdə sahibkarlara subsidiya və dəstək mexanizmlərinin hazırlanmasıdır”, - direktor vurğulayıb.
C.Əliyev bildirib ki, dünyada akvakultura səviyyəsində iqtisadi cəhətdən səmərəlilik baxımından yetişdirilən bir çox balıq növü var.
“Azərbaycanda yetişdirilən akvakultura balıqları əsasən, Qızıl balıq kimilərdən alınan Farel, Nərə kimilər və Çəki kimilərdir (sazan, karp).
Nərə balığının kürüsü dünyada çox məşhurdur. Düşünürük ki, Azərbaycanda akvakulturada yetişdirilən balıqların ixrac potensialı daha çoxdur”,- deyə o, qeyd edib.
Onun sözlərinə görə, hazırda “Akvakulturanın həyata keçirilməsinə dair” Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, akvakultura təsərrüfatlarının qeydiyyatı həyata keçirilir.
“İdeoloji, texnoloji əsaslandırmalar sahibkar tərəfindən hazırlanaraq Balıqçılıq və Akvakultura Mərkəzi təqdim edilir. Həmin əsaslandırmalar qiymətləndirildikdən sonra uyğunsuzluq yoxdursa, o təsərrüfat qeydiyyata alınır. Qeydiyyat prosesində dövlət rüsumu da ödənilməlidir. Sahibkarın ideoloji, texnoloji əsaslandırmasında uyğunsuzluq yaranarsa, qanunvericiliyə əsasən, mərkəzimiz həmin şəxsə pulsuz məsləhət xidməti göstərir”.
C.Əliyev açıqlayıb ki, cari ilin ötən dövrü üçün aparılan nəzarət tədbirləri nəticəsində təxminən 100 nəfərə yaxın şəxs barəsində inzibati protokol tərtib edilib.
"Bu tədbirlər əsasən qanunsuz balıq ovuna, nərə balığı və digər növlərin bioloji ehtiyatlarına zərər vuran hallara qarşı yönəlib. Qeyd edək ki, nəzarət və profilaktik maarifləndirmə işləri il ərzində ardıcıl şəkildə davam etdirilir",- deyə o əlavə edib.

