Bakı.Trend:
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə noyabrın 3-də Türkiyənin Antalya şəhərində Azərbaycan Mədəniyyət Elçilərinin I Forumunun açılış mərasimi keçirilib.
Trend xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli, Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Milli Məclisin sədr müavini Rafael Hüseynov, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Xalq artisti Polad Bülbüloğlu, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli, o cümlədən Azərbaycandan və bir sıra ölkələrdən tanınmış mədəniyyət xadimi soydaşlarımız və digər qonaqlar iştirak edirlər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra “Qarabağda mədəniyyətin dirçəlişi” adlı videoçarx nümayiş etdirilib.
Açılış nitqi söyləyən mədəniyyət naziri Adil Kərimli bildirib ki, Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu ölkəmizin mədəni diplomatiyasının inkişafında mühüm mərhələ hesab olunur. Bu təşəbbüs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən mədəniyyətin və milli kimliyin qorunması, eləcə də onun beynəlxalq müstəvidə tanıdılması istiqamətində həyata keçirilən uzaqgörən siyasətin məntiqi davamıdır.
Nazir deyib ki, tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində şanlı Zəfərimizin 5-ci ildönümü ərəfəsində keçirilən forumun məqsədi mədəniyyət elçiləri və onların şəbəkəsi vasitəsilə mədəniyyətimizin beynəlxalq səviyyədə mütəşəkkil təbliği, xaricdə yaşayan mədəniyyət xadimlərinin fəaliyyətinin stimullaşdırılması, incəsənət və yaradıcılıq sahələrinin inkişafına əlavə dəstəyin verilməsidir. Xaricdəki Azərbaycan Mədəniyyət mərkəzləri və Azərbaycan evlərinin daha sıx əməkdaşlığına nail olunması da forumun əsas hədəfidir.
Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov
çıxışında qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin diaspor
strategiyası Prezident İlham Əliyevin siyasi hakimiyyəti dövründə
daha da inkişaf etdirilərək yeni mərhələyə yüksəldilib. Dövlətimiz
bu gün xaricdə yaşayan hər bir azərbaycanlının fəaliyyətini
stimullaşdırır. Xarici ölkələrdəki mədəniyyət xadimlərimiz də öz
növbəsində mədəni diplomatiyaya töhfələrini verir, Azərbaycanı
uğurla təmsil edirlər.
Milli Məclisin sədr müavini Rafael Hüseynov, Azərbaycanın
Türkiyədəki səfiri Rəşad Məmmədov, Milli Məclisin Mədəniyyət
komitəsinin sədri Xalq artisti Polad Bülbüloğlu və forumun Təşkilat
komitəsinin sədri Xalq artisti Cahangir Novruzov da çıxış edərək
forumun əhəmiyyətini yüksək qiymətləndiriblər.
Daha sonra Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə təbliğinə töhfə verən incəsənət nümayəndələri təltif edilib və birgə xatirə fotosu çəkdirilib.
Bildirək ki, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin dəstəyi ilə reallaşan forum noyabrın 5-dək davam edəcək. Forum çərçivəsində yaradıcılıq təqdimatları, mədəniyyət layihələrinin nümayişi, plenar müzakirələr, eləcə də mədəni əməkdaşlıq protokollarının imzalanması nəzərdə tutulur. Tədbir gedişində həmçinin Azərbaycan musiqisi, teatr və rəqs sənəti əsasında maraqlı bədii proqramlar da təqdim olunacaq.
