Bakı. Trend:
Diplomatik korpusun Cəbrayıl və Zəngilana səfəri beynəlxalq ictimaiyyətin Zəngəzur dəhlizi ilə ilk canlı təmasıdır.
Bunu Trend-ə açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib.
Polkovnik qeyd edib ki, səfər sayəsində xarici diplomatlar işğaldan azad edilmiş ərazilərdə görülən işlərlə bağlı ətraflı məlumat əldə edib, inqilabi yenilikləri öz gözləri ilə müşahidə ediblər:
“2025-ci ilin 31 oktyabr tarixində ölkəmizdə akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxslərinin Cəbrayıl və Zəngilan rayonlarına səfəri beynəlxalq birlik nümayəndələrinin işğaldan azad edilən ərazilərə sayca 20-ci səfərdir və bu səfər hər mənada çox böyük əhəmiyyətə malikdir. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə baş tutan səfərdə 51 ölkə və 12 beynəlxalq təşkilatdan ümumilikdə 100-dən artıq nümayəndə iştirak edib ki, bu da Zəngəzur dəhlizinə olan marağın böyüklüyünə dəlalət edir.
Səfər zamanı diplomatlar Zəngəzur dəhlizi boyu görülən işlərlə, işğaldan azad edilən ərazilərdə dövlətimizin qısa zaman ərzində həyata keçirdiyi bir-birindən əzəmətli layihələrə tanış olublar. Səfər əsnasında əsas diqqət Zəngəzur dəhlizinin tikintisinə, sözügedən dəhlizin istifadəsinin regional iqtisadi inkişafa verəcəyi töhfəyə yönəlib.
Bundan öncəki səfərlər kimi bu səfər də dövlətimizin işğaldan azad edilən ərazilərdə gördüyü böyük işləri, xalqımızın quruculuq əzmini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq baxımından mühüm önəm kəsb edirdi. Səfərdə iştirak edən diplomatlar, beynəlxalq təşkilatların təmsilçiləri Zəngəzur dəhlizinin açılışı üçün Azərbaycanın gördüyü irimiqyaslı işlərlə tanış oldular, həyata keçirilən layihələrin miqyasından heyrətlərini ifadə etdilər. Bu səfər bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan sülh ölkəsi, Azərbaycan xalqı isə yaradıcı xalqdır və onun inkişaf strategiyası bütün regionun maraqlarına cavab verir.
Artıq bütün dünya əmindir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəmir iradəsi, sonsuz qətiyyəti və ardıcıl səyləri nəticəsində Zəngəzur dəhlizi ən qısa zamanda fəaliyyətə başlayacaq, bu fəaliyyət onlarla ölkənin sosial-iqtisadi rifahının yaxşılaşmasına mühüm töhfə verəcək”.
