Bakı. Trend:
İsrailin Milli Məhkəmə-Tibbi Ekspertiza İnstitutunun əməkdaşları bir gün əvvəl Qəzza sektorundan Israilə qaytarılmış daha üç girovun nəşlərinin şəxsiyyətini müəyyənləşdirmə prosesini başa çatdırıblar.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
Məlumata görə, şəxsiyyətin müəyyənləşdirilməsi prosesi başa çatdıqdan sonra İsrail Müdafiə Qüvvələri həlak olmuş girovların polkovnik Asaf Hamami, kapitan Omer Maksim Neutra və baş çavuş Oz Daniel olduğunu təsdiqləyib və nəşlər onların ailə üzvlərinə təhvil verib.
Xatırladaq ki, oktyabrın 9-da İsrail və HƏMAS Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə ABŞ prezidenti Donald Tramp tərəfindən təqdim olunan sülh planının birinci mərhələsinin həyata keçirilməsi barədə razılığa gəliblər. Trampın planına əsasən, Qəzzada atəşkəs rejimi oktyabrın 10-da qüvvəyə minib.
