Bakı. Trend:
Maliyyə sektorunda maliyyə institutlarının potensialının gücləndirilməsi və yeni təşəbbüslərin tətbiqi imkanları müzakirə olunub.
Trend xəbər verir ki, bu, Mərkəzi Bankda İqtisadiyyat Nazirliyi ilə birgə kommersiya banklarının nümayəndələri üçün “2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nın icrası çərçivəsində təlim məqsədli ilkin görüşü zamanı baş tutub.
Məlumata görə, görüş zamanı dövlət-özəl tərəfdaşlığı
layihələrinin rolu, bu sahədə maliyyə institutlarının potensialının
gücləndirilməsi və yeni təşəbbüslərin tətbiqi imkanları müzakirə
olunub.
Tədbirdə İqtisadiyyat Nazirliyinin nümayəndələri tərəfindən
dövlət-özəl tərəfdaşlığının əsas xüsusiyyətləri və modelləri,
aidiyyəti qanunvericilik layihələri və onların tətbiqi imkanlarına
dair təqdimatlar keçirilib, eləcə də banklar və dövlət strukturları
arasında əməkdaşlığın təşviqi məsələləri iştirakçıların diqqətinə
çatdırılıb.
Növbəti mərhələlərdə görüşlərin bu istiqamətdə beynəlxalq maliyyə
institutlarının da iştirakı ilə keçirilməsi nəzərdə tutulur.
