Bakı. Trend:
Sabunçu Dəmiryol Vağzalının sərnişinləri növbəti günlər ərzində buradan keçərkən “Qara qızılın saldığı dəmir yollar” fotosərgisi ilə də tanış ola biləcəklər. Vağzalın üst mərtəbəsində açılan sərgi Azərbaycanın sənaye tarixində mühüm yer tutan iki sahənin – neft və dəmir yollarının bir-birini tamamlayan inkişaf yolunu nümayiş etdirir.
“Azərbaycan Dəmir Yolları”nın bu il qeyd edilən 145 illik yubileyinə həsr edilən fotosərgi “Balakhani Operating Company” ilə birgə təşkil edilib. İzləyiciləri vizual tarixi ekskursa aparan sərgi xatırladır ki, Azərbaycanda XIX əsrin sonlarında başlanan neft hasilatı nəqliyyat sisteminin inkişafını da zəruri edib. Buna görə də 1880-ci ildə ilk dəmir yolu – Bakı–Sabunçu–Suraxanı xətti istifadəyə verilib. Bu qatarlar dünyada ilk dəfə nefti vaqon-sisternlərlə daşıyaraq tarix yazıblar. Həmin dəmir yolları təkcə neft deyil, həm də sərnişinləri daşıyırdı: Abşeronun mədənlərindən şəhərə və ya əksinə üz tutan minlərlə neftçi və onların ailələrini.
Rəsmi açılışı tarixi Sabunçu vağzalı- bu günkü Dəmiryol Muzeyində baş tutan fotosərgidə çıxış edən “Balakhani Operating Company” hasilat şirkətinin prezidenti Rövşən Rzayev vurğuladı ki, neftçilərlə dəmiryolçuların peşəkar yolları və fəaliyyəti bu günə qədər sıx bağlıdır. Hətta bu gün Sabunçu və Suraxanı rayonlarındakı mədənlərdə çalışan əməkdaşların 10%-dan çoxu işə qatarla gəlib gedirlər.
“Qara qızılın saldığı dəmir yollar” fotosərgisində nümayiş etdirilən tarixi fotoların əksəriyyəti Milli Arxivdən alınaraq ilk dəfə izləyicilərə təqdim edilir.