Bakı. Trend:
Serbiya Daxili İşlər Nazirliyinin əməkdaşları 2 noyabr axşamı Respublikanın Xalq Məclisi (parlament-red.) binası qarşısında keçirilmiş icazəsiz aksiya zamanı ictimai asayişi pozmaqda və insidentlər törətməkdə iştirak edən 37 nəfəri saxlayıblar.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Serbiya DİN mətbuat xidməti məlumat yayıb.
“Polis vətəndaşların və dövlət əmlakının təhlükəsizliyinə təhdid yaradan digər iştirakçıların şəxsiyyətinin müəyyənləşdirilməsi və axtarışı istiqamətində intensiv iş aparır.
Polis ictimai asayişi, əmin-amanlığı və bütün vətəndaşların təhlükəsizliyini qorumaq məqsədilə qanunla nəzərdə tutulmuş bütün tədbirləri ardıcıl şəkildə tətbiq etməyə davam edəcək”, – bəyanatda bildirilir.
Xatırladaq ki, iğtişaşlar noyabrın 2-si axşam Belqradın mərkəzində baş verib. Həmin vaxt eyni anda iki tədbir keçirilirdi – prezident Aleksandar Vuçiçin tərəfdarlarının razılaşdırılmış mitinqi və müxalifət fəallarının aksiyası. DİN-in məlumatına görə, icazəsiz aksiyanın iştirakçılarından ibarət təşkilatlanmış qrup qeydiyyatdan keçmiş ictimai tədbirdə olan insanlara hücum edib, onların üzərinə müxtəlif əşyalar və pirotexniki vasitələr atıblar.
