...

Perinatal Mərkəzdəki yanğınla bağlı məhkəmədə şahidlər dindirilib

Gündəm Materials 3 Noyabr 2025 11:16 (UTC +04:00)
Perinatal Mərkəzdəki yanğınla bağlı məhkəmədə şahidlər dindirilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə şahidlər dindirilib.

Şahid qismində dindirilən Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Mənsur Atakişiyev
bildirib ki, təqsirləndirilən şəxsləri tanımır:

“Mən hadisəyədək mərkəzdə olmamışam, 2023-cü ildə əmrim çıxıb. 2024-cü ilin yanvarında işə getmişə. Qısa zaman sonra hadisə baş verib. İş yoldaşım mənə zəng edib məlumat verib. Mən gedəndə artıq yanğınsöndürənlər yanğını söndürürdülər”.

Şahid qeyd edib ki, mərkəzdə yoxlama və təlim keçirməyib.

Prosesdə ifadə verən yanğın üzrə ekspert Tural Süleymanov bildirib ki, hadisə baş verən mərtəbədə yanğın təhlükəsizliyində problem olub.

“Oradan nümunələr götürülüb. Nümunələr elektrik naqillərindən, yanaraq kömürləşmiş uzadıcılardan, cihazlardan, küveyzdən götürülüb.

Mən ilkin baxış zamanı bir mütəxxəssis kimi yanğının başvermə səbəbini bildirmişəm. Yanğın baş verən otaqlarla yanaşı qonşu otaqlara da baxış keçirərək nümunə götürmüşəm. Mərkəzdə olan siqnalizasiyalar, yanğınsöndürənsu kranlarının, su şırnakıarı işləsəydi yanğının qarşısını daha tez bir zamanda almaq olardı və fəsadlar bu qədər çox olmazdı”.

Proses 15 dekabrda davam etdiriləcək.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.
Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib. Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti