Bakı. Trend:
“Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və digərilərinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib.
Proseddə təqsirləndirilən Rəşad Bədəlov ifadə verib.
O bildirib ki, Dəniz Kənarı Bulvar İdarəsində və idarənin tabeliyindəki bir sıra vəzifələrdə çalışıb:
"Mən Dövlət Bayrağı Meydanının tabeliyində olan bir müəssisədə iqtisadçı olmuşam. Bir müddət sonra elə həmin müəssisənin başqa vəzifədə çalışmışam.
2018-ci ildə İlqar Mustafayevin köməkçisi, 2019-cu ilin sonundan sonra Dəniz Kənarı Bulvar İdarəsinin müxtəlif idarələrində rəis olmuşam.
Mən istintaq zamanı da bildirmişəm ki, bu işin mənə aidiyyəti yoxdur. Baxılan cinayət işində iştirak etməmişəm. Mənə nə əmr edilibsə, yerinə yetirmişəm.
Mən əməkhaqqıdan əlavə pul da almışam. Bu pul qeyri-büdcə vəsaitlərindən əldə edilən maliyyə hesabına verilib. Vəsaitin yığılması ilə bağlı mənim heç bir səlahiyyətim olmayıb”.
Daha sonra iş üzrə təqsirləndirilən Fuad Babayev ifadə verib.
O bildirib ki, gül təssərrüfatı ilə məşğul olmaq istəyib və bu barədə İlqar Mustafayevə məlumat verib. İlqar Mustafayev də deyib ki, işləmək istəyirsə, tenderə qoşulmalıdır. Mən də bunun üçün "GİRASOL" MMC-ni yaratdım.
Təqsirləndirilən şəxs bildirib ki, ona təkcə Maraş dondurmadan deyil, başqa sahələrdən pullar verilib.
“Mən həmin pulları təhcizat şöbəsinə verirdim. Sonra bizə ordan tələbnamə gəlirdi. Həmin tələbnamədə pulun hansı təyinat üzrə xərclənməsi yazılırdı. Biz Türkiyədən tenderlərlə güllər gətirirdik və həmin güllərin də gömrük bəyannaməsi var idi. "GİRASOL" MMC ilə idarə arasında maliyyə əməliyyatlar hər zaman nağdsız formada olub və vergi orqanı bizdə hər hansı bir yoxlama aparmayıb".
Proses dekabr 8-də davam etdiriləcək.
Qeyd edək ki, “Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxsin fəaliyyətinin yoxlanılması ilə bağlı Azərbaycan Respublikasının Hesablama Palatasından daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Məlumata görə, ibtidai istintaqla İlqar Mustafayevin “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri vəzifəsində işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə cinayət əlaqəsinə girib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilmiş ümumilikdə 12 milyon manatdan artıq pul vəsaitini vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmasına əsaslı şübhələr müəyyən olunub.
Toplanmış sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib, İlqar Mustafayev barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə həbs, digərləri barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
İş üzrə müəyyən edilmiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədilə ümumilikdə 11 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyulub. Eyni zamanda cinayət işindən həmin əməllərin törədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaq davam etdirilir.
