Bakı. Trend:
Energetika Nazirliyində enerji səmərəliliyi və enerji auditi mövzusunda məlumat sessiyası təşkil olunub. Sessiyada enerji effektivliyi və enerji auditi xidmətləri sahəsində fəaliyyət göstərən müxtəlif təşkilatların nümayəndələri iştirak ediblər.
Bu barədə Trend-ə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbirin məqsədi enerji auditinin hüquqi və praktiki mahiyyəti, bu sahədə dövlət siyasətinin əsas istiqamətləri, habelə tətbiq mexanizmləri barədə iştirakçıların məlumatlılığını artırmaq olub.
Sessiyada “enerji auditi nədir”, “enerji auditoru kimdir”, “enerji menecment sistemi”, “enerji auditinin təşkili və hesabatı” kimi mövzularla bağlı ətraflı məlumat təqdim edilib. Həmçinin, enerji auditinin enerji istehlakçıları üçün əhəmiyyəti, audit nəticəsində aşkarlanan enerji səmərəliliyinin artırılması istiqamətində tədbirlərin görülməsi və əldə ediləcək enerji qənaətinin iqtisadi və ekoloji əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, bu sahənin inkişafını təşviq etmək və enerji auditi həyata keçiriləcək subyektlərə dəstək olmaq məqsədilə Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin “Enerji Effektivliyi Fondu” yaradılıb.
Yekunda iştirakçıların sualları cavablandırılıb, onları maraqlandıran məsələlər üzrə müzakirələr aparılıb və enerji auditi sahəsində təkmilləşdirməyə dair təkliflər nəzərdən keçirilib.
