Bakı. Trend:
Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi, "Böyük Qayıdış” Gənclər Təşkilatı və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, AZTV-nin media tərəfdaşlığı ilə 44 günlük Vətən Müharibəsində qazanılmış tarixi Zəfərimizin 5 illiyinə həsr olunan "Zəfər andı" adlı ədəbi-bədii gecə keçirilib.
Trend xəbər verir ki, Heydər Əliyev Sarayında təşkil olunan tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, şəhid ailələri və qazilər, tanınmış ziyalılar, gənclər təşkilatlarının nümayəndələri, könüllü gənclər və media təmsilçiləri də daxil olmaqla 1800-dən çox qonaq iştirak edib.
Tədbir açılış və bədii olmaqla iki hissədən ibarət olub.
Açılışda şəhid anası, şəhid yoldaşı və gənc qazi çıxış edib.
Bədii hissədə əməkdar artist Nicat Kazımovun rejissorluğu və kinodramaturq İlqar Fəhminin ssenarisi əsasında, incəsənət xadimlərinin və istedadlı gənclərin ifasında hazırlanmış "Zəfər Andı" bədii kompozisiyası nümayiş olunub.
Kompozisiyada Vətən müharibəsində iştirak etmiş gənc döyüşçü şairlərin şeirlərindən istifadə ediləcək, Zəfərə gedən yol və tarixi qələbəmiz ədəbi-bədii formada tamaşaçılara çatdırılıb.
