Bakı.Trend:
Son illərdə Azərbaycanın siyasi həyatında milli maraqlara zidd fəaliyyət göstərən, xarici təsirlərə açıq olan qüvvələrin rolu getdikcə azalır. Xüsusilə, AXCP, Müsavat Partiyası və ümumilikdə “5-ci kolon” adlandırılan dairələrin cəmiyyətdə siyasi nüfuzu və təsir imkanları əhəmiyyətli dərəcədə zəifləyib. Azərbaycan ictimaiyyəti artıq xarici mərkəzlərin təsiri altında olan, milli maraqlardan uzaq siyasi qüvvələri rədd edir və ölkənin gələcəyini real inkişaf və milli həmrəylik üzərində qurmağa üstünlük verir.
Mövzuyla bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, ölkə daxilində təxribat yaratmaq istəyən bütün qüvvələrə qarşı qətiyyətli addımlar atılmalıdır.
“Təbii ki, konkret adlar çəkmək üçün əvvəlcə əsaslı və hüquqi dəlillər olmalıdır. Bu istiqamətdə isə hüquq-mühafizə orqanları ciddi işləməli, hər bir iddia araşdırılmalıdır.
Əgər hər hansı xarici ölkənin Azərbaycanda qarşıdurma yaratmaq və sabitliyi pozmaq kimi məqsədləri varsa, onlara xidmət edən bütün daxili və xarici qüvvələrə qarşı da aydın və sərt mövqe ortaya qoyulmalıdır. Əks halda, müstəqilliyimizin və təhlükəsizliyimizin qorunmasında ciddi çətinliklər yaşana bilər”,-deyə deputat qeyd edib.
F.Mustafa əlavə edib ki, bu qədər böyük bir zəfər əldə etməyimizə baxmayaraq, - xüsusilə də bəzi xidmət orqanlarının təsiri ilə ölkədə təxribat yaratmağa çalışan qüvvələrin fəallığı artmaqdadır:
“Bunlara Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) mənsub trollar və konkret şəxslər, eləcə də dini cəhalət üzərindən cəmiyyətə təsir göstərməyə çalışan qruplar daxildir. Bu hallar cəmiyyət üçün narahatedici təhlükə yaradır.
Bu səbəbdən də ciddi araşdırmalar aparılmalı və prosesin təhlükəli məcraya yönəlməsinə imkan verilməməlidir”.
Deputat əlavə edib ki, dövlət təhlükəsizliyi bu gün ölkənin ən prioritet məsələlərindən biridir və bu təhlükəsizliyi pozan bütün elementlərə qarşı ən sərt və qanuni tədbirlər görülməlidir.
Deputat Ceyhun Məmmədov Trend-ə açıqlamasında bildirib ki, özünü müxalifət adlandıran bəzi qrupların dövlətin gördüyü işlərə həmişə müxalif mövqedən yanaşmaları müşahidə edilir.
“Onlar üçün dövlətin maraqları və hədəfləri bəzən önəmli görünmür. Ancaq müxalifətçilik dövlətçiliyə qarşı olmaq demək deyil. Dünyanın hər yerində müxalifət var və onlar dövlətçilik məsələlərində dövlətin yanında olurlar. Bizim müxalifətimiz də dövlətçiliyi dəstəkləməli, dövlətin maraqlarına qarşı çıxmamalıdır”.
C.Məmmədov qeyd edib ki, AXCP və Müsavat bu prinsipləri nəzərə almalı, dövlət maraqlarına qarşı çıxış etməməlidirlər.
“Əgər bəzi partiyalar dövlət siyasətinə, dövlətin uğurlarına qarşı çıxırlarsa, bu, onların siyasi fəaliyyətini nəzərdən keçirmələrini tələb edir”.
Deputat əlavə edib ki, müxalifət qrupları dövlətin, dövlətçiliyin və dövlət məsələlərinin yanında olmalı, bu prosesi dəstəkləməlidirlər.
                            