Bakı. Trend:
Orta Dəhlizin regional "yaşıl" dəhlizə çevrilməsi tamamilə Asiya İnfrastruktur İnvestisiyaları Bankının (AİİB) mandatına uyğundur.
Trend xəbər verir ki, bu barədə AİİB-nin investisiyalar üzrə direktoru Olivye Uden COP29 çərçivəsində keçirilən "Dayanıqlı əlaqəlilik yolları: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM), onun üzv dövlətlərinin və Asiyanın regional təşkilatlarının təhlükəsiz, səmərəli və iqlim dəyişikliyinə davamlı nəqliyyat dəhlizlərinin təmin edilməsi istiqamətində səyləri" mövzusunda panel müzakirədə bildirib
"Orta Dəhlizin regional "yaşıl" dəhlizə çevrilməsi tamamilə AİİB-nin mandatına uyğundur və biz bu dəhlizin Asiya və Avropa bazarları üçün əsas və etibarlı nəqliyyat marşrutuna çevrilməsi üçün Azərbaycanın modernləşdirmə səylərini dəstəkləməyə hazırıq. Biz, həmçinin, bu məqsədə nail olmaq üçün AİB, CARES və Aİ ilə yanaşı digər inkişaf tərəfdaşlarımızla əməkdaşlığa hazırıq", - deyə O.Uden vurğulayıb.
Qeyd edək ki, Orta Dəhliz Asiyanı və Avropanı birləşdirən, Şimal və Cənub dəhlizlərinə alternativ kimi region ölkələrindən keçən ticarət və nəqliyyat marşrutudur.
Marşrut Çindən başlayaraq Mərkəzi Asiya ölkələri – Qazaxıstan, Özbəkistan və Türkmənistandan keçir, daha sonra Xəzər dənizini keçərək Azərbaycan, Gürcüstan və Türkiyəni əhatə edir və Avropaya çatır.
Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.