Bakı. Trend:
20 noyabr 2024-cü il tarixində Fransanın Azərbaycandakı səfiri
Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüş
zamanı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının
Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində və sessiya
zamanı Fransanın Azərbaycan sədrliyinin hədəf alınmasına etiraz
bildirilib.
"Bu xüsusda, Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin bu mötəbər
tədbirinin boykot edilməsinə çağırışların, bir çox dövlət
başçılarının tədbirə qatılmamağa Fransa tərəfindən təşviq
edilməsinin, eləcə də COP29 konfransı başlayan zaman Fransanın
xüsusi səyləri ilə Avropa Parlamentində sədrliyimizi əsassız
şəkildə tənqid edən, ümumilikdə isə iqlim dəyişmələri ilə mübarizə
sahəsində qlobal səylərimizə qarşı çevrilmiş qətnamənin qəbulunun
qəbuledilməz olduğu vurğulanıb", - məlumatda qeyd olunub.
Bildirilir ki, bununla yanaşı, Ermənistanın geniş şəkildə
silahlanmasını həyata keçirən, militarizmi və revanşizmi təşviq
edən Fransanın addımlarının sülh prosesinə zərbə olduğu diqqətə
çatdırılıb.
"Azərbaycanı hədəf alan, eləcə də normallaşma prosesini təhlükə
altına salan bu addımlara son qoyulması Fransa tərəfindən təkidlə
tələb olunub", - məlumatda deyilir.