...

Beliz iqlim böhranına cavab olaraq adaptasiya üçün maliyyələşmənin ikiqat artırılmasını tələb edir

Yaşıl iqtisadiyyat Materials 20 Noyabr 2024 17:19 (UTC +04:00)
Beliz iqlim böhranına cavab olaraq adaptasiya üçün maliyyələşmənin ikiqat artırılmasını tələb edir
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Adaptasiya üçün maliyyələşmə artırılmalı və iqlim dəyişikliyi ilə bağlı zərərlərin aradan qaldırılması üçün vəsaitlərin ayrılması sürətləndirilməlidir.

Trend xəbər verir ki, bu barədə Belizin davamlı inkişaf və iqlim dəyişikliyi üzrə vitse-naziri Kenrik Uilyams COP29 sammitində milli bəyanatı ilə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, iqlim böhranı Beliz kimi həssas ölkələrə dağıdıcı təsir göstərməyə davam edir. Təbiət fəlakətləri, o cümlədən tropik Laura fırtınası və meşə yanğınları son iki ildə ölkə ÜDM-nin 6 faizindən çoxuna bərabər olan 200 milyon ABŞ dollarından çox itkiyə səbəb olub.

"Bizə adaptasiya üçün maliyyələşmənin ikiqat artırılması və zərər və itkilər üçün maliyyələşmənin sürətləndirilməsi lazımdır. Hər bir fəaliyyətsizlik anı insanların həyatına, ekosistemlərə və dolanışıq vasitələrinə zərər vurur. Adaptasiyaya sərmayə lüks deyil, sağ qalmaq üçün zəruri şərtdir", — deyə o bildirib.

Vitse-nazir bütün ölkələrin, o cümlədən Tayvanın, iqlim böhranına qarşı qlobal səylərdə iştirakının əhəmiyyətini vurğulayaraq, bunun dayanıqlı gələcəyin əldə olunması üçün vacib olduğunu qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti