Bakı. Trend:
COP29 çərçivəsində "Hava limanlarının iqlim sahəsində fəaliyyətinin nümayişi" mövzusunda panel müzakirə keçirilib.
Trend xəbər verir ki, “ACI EUROPE”un baş direktoru Oliver Yankovets tədbirdə çıxış edərək bildirib ki, Paris Sazişinə uyğunluğu təmin etmək və ekoloji davamlılığa nail olmaq məqsədilə hava limanları yenilənmiş sertifikasiya standartlarını tətbiq edib.
"Yeni tədbirlər CO₂ emissiyalarının mütləq azalmasına və İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Ekspertlər Qrupunun (IPCC) müəyyən etdiyi 1,5°C və 2°C hüdudunda qlobal istiləşmənin qarşısını almaq üzrə uzunmüddətli məqsədlərə çatmağa yönəlib.
Əsas dəyişikliklər aşağıdakıları əhatə edir: Hava limanı ərazisində CO₂ emissiyalarının mütləq azalması, ekoloji fəaliyyətin şəffaflığını artırmaq üçün hesabat və karbon emissiyalarının azaldılmasına dair tələblərin sərtləşdirilməsi, hava limanlarının bütün fəaliyyət mərhələlərində karbon izinin azaldılması təşəbbüslərinin həyata keçirilməsi üçün işgüzar tərəfdaşlarla əməkdaşlığın dərinləşdirilməsi", - deyə o vurğulayıb.
Əlavə olaraq “ACI EUROPE”un baş direktoru Oliver Yankovets bildirib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanına karbon qazı emissiyalarının azaldılmasında əldə etdiyi irəliləyişə görə “Carbon Accreditation” (ACA) proqramı çərçivəsində ikinci səviyyə “Azaltma” (Reduction) sertifikatı təqdim edilib.
"Heydər Əliyev Beynəlxalq Hava Limanı Beynəlxalq Hava Limanları Şurası (ACI) tərəfindən təsis edilmiş “Airport Carbon Accreditation” (ACA) proqramı çərçivəsində ikinci səviyyə (Level 2: Reduction) sertifikatını əldə edib. Bu sertifikat hava limanının son üç illə müqayisədə karbon qazı emissiyalarını uğurla azaltdığını və davamlı inkişafa, həmçinin, iqlimə təsirin minimuma endirilməsinə sadiqliyini təsdiq edir", — deyə o vurğulayıb.
“ACI World”un baş direktoru Castin Erbaççi isə öz növbəsində qeyd edib ki, hava limanları iqlim dəyişikliyi ilə mübarizəyə dair öhdəliklərinə sadiqliyini nümayiş etdirir:
"Hava limanları iqlim dəyişikliyi ilə mübarizəyə dair öhdəliklərinə sadiqliyini nümayiş etdirir – bu, COP29-da bir daha vurğulandı. İqlim tədbirləri ilə bağlı mürəkkəb siyasi vəziyyət fonunda 2050-ci ilə qədər sıfır emissiyaya nail olmaq istiqamətində kollektiv məqsədimizi təsdiqləməliyik.
Aviasiya cəmiyyətimizə və iqtisadiyyatımıza böyük faydalar gətirir. Hava limanları və onların tərəfdaşları karbon izinin azaldılması üzərində işləməyə davam etməli, eyni zamanda, aviasiyanın firavanlığı təmin etməkdə və iqlim dəyişikliyinin nəticələrinə qarşı dayanıqlılığı gücləndirməkdəki unikal rolunu qoruyub saxlamalıdır. Biz, ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) Uzunmüddətli Ambisiyalı Məqsədinə çatmaq üçün dünya ölkələrindən dəstəkləyici çərçivələr təqdim etməsini səbirsizliklə gözləyirik".
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.