...

İslandiya COP29-da Arktikada istiləşmə və okean axınlarındakı dəyişikliklərdən danışdı

İqtisadiyyat Materials 20 Noyabr 2024 13:43 (UTC +04:00)
İslandiya COP29-da Arktikada istiləşmə və okean axınlarındakı dəyişikliklərdən danışdı
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Dərinləşən iqlim böhranının aradan qaldırılması üçün qlobal kollektiv tədbirlər zəruridir.

Trend xəbər verir ki, bunu İslandiyanın Ətraf Mühit, Energetika və İqlim Nazirliyinin direktor müavini Helqa Bardadottir COP29 Sammitində çıxış edərkən bildirib.

O, 2024-cü ilin müşahidə tarixində ən isti il olacağı proqnozunu qeyd edərək, Paris Sazişi ilə müəyyən edilmiş 1,5°C temperatur həddinin aşılmasının fəlakətli nəticələrinə diqqət çəkib.

"2024-cü ildə çox güman ki, 1,5°C həddini keçəcəyik və bu, kritik göstəricinin ilk dəfə aşılacağı il olacaq", — deyə H.Bardadottir bildirib.

O qeyd edib ki, bu istiləşmə səviyyəsinin planetimizə gətirdiyi dəyişikliklər dağıdıcı xarakter daşıyır və son illərdə şahidi olduğumuz iqlimlə bağlı faciələr istiləşmənin davam etməsi ilə daha da güclənəcək.

Helqa Bardadottir Arktikanı nümunə göstərərək, burada istiləşmənin dünya üzrə orta göstəricidən iki dəfə sürətlə baş verdiyini vurğulayıb.

"Arktikada buzlaqların əriməsi, biomüxtəlifliyin itirilməsi və yerli xalqların köçməsinə səbəb olacaq şərtlər müşahidə olunur", — deyə o qeyd edib.

O, bu icmaların hüquqlarının və iştirakının təmin edilməsinin vacibliyini vurğulayıb, çünki onlar iqlim dəyişikliyinin zərərli təsirləri ilə qarşılaşırlar.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti