Bakı. Trend:
Orta Dəhliz rəqəmsal inkişaf üçün böyük potensiala malikdir.
Trend xəbər verir ki, bu barədə BMT-nin Avropa İqtisadi Komissiyasının (AİK) icraçı katibi Tatyana Molçan COP29 çərçivəsində keçirilən "Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar" mövzusunda yüksək səviyyəli dəyirmi masa zamanı bildirib.
"Avropa və Asiyanı Xəzər dənizi vasitəsilə birləşdirən Orta Dəhliz dayanıqlı və rəqəmsal inkişaf üçün böyük potensiala malik strateji marşrutlardan biridir", — deyə o qeyd edib.
Onun sözlərinə görə, məqsədyönlü səylər Orta Dəhlizi tam rəqəmsallaşdırılmış və harmonik bir marşruta çevirmək üçün imkan yaradır, bu isə xərcləri azaldacaq və bütün iştirakçılar üçün şəffaflığı artıracaq.
Molçan əlavə edib ki, Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqram (SPECA) çərçivəsində AİK regional maraqlı tərəflərlə sıx əməkdaşlıq edir.
"Keçən il Bakıda dövlət başçıları səviyyəsində SPECA-nın Transxəzər dəhlizinin rəqəmsallaşdırılmasına dair yol xəritəsi təsdiq edildi. Bu yol xəritəsi 2027-ci ilə qədər Transxəzər dəhlizi boyunca real vaxt rejimində məlumat mübadiləsinin BMT-nin rəqəmsal standartlarına uyğun tətbiqini nəzərdə tutur", — deyə o bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.