Bakı. Trend:
Emissiyaları 2030-dək azaltmaq lazımdır.
Trend xəbər verir ki, bu barədə BMT ətraf mühit proqramının (UNEP) icraçı direktoru İnger Anderson Yaşıl tikinti və binalarda enerji səmərəliliyi və şəhərlərdə iqlimə davamlılıq mövzusunda Yüksək Səviyyəli Dəyir Masada çıxışı zamanı deyib.
O qeyd edib ki, hazırda iqlim trayektoriyamızın yanlış istiqamətdə getdiyini başa düşsək, 2023-cü ildə istixana qazı emissiyalarında artımının 1,3 faiz olduğunu görərik.
"Burada tikinti sektoru çox vacibdir, çünki bu, istixana qazı emissiyalarına 21 faizini təşkil edir. Bu rəqəmin üçdə ikisi bizim yaşadığımız, mövcud olduğumuz yaşayış sektorunda baş verir. Buna görə bizim üzərimizə çox iş düşür. Müəyyən edilmiş mənzil və infrastruktur ehtiyatı və iqlimə daha uyğun olması üçün onu yenidən təchiz etmək barədə düşünməliyik",- deyə o bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.