...

Yük daşımalarında, limanlarda və logistika terminallarında ekoloji cəhətdən təmiz yanacaq növlərinə keçid zəruridir - Xurşid Rüstəmov

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Noyabr 2024 11:32 (UTC +04:00)
Yük daşımalarında, limanlarda və logistika terminallarında ekoloji cəhətdən təmiz yanacaq növlərinə keçid zəruridir - Xurşid Rüstəmov
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Yük daşımalarında, limanlarda və logistika terminallarında ekoloji cəhətdən təmiz yanacaq növlərinə keçid zəruridir.

Trend xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı nümayəndəsi Xurşid Rüstəmov COP29 çərçivəsində keçirilən "Dayanıqlı əlaqəlilik yolları: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), onun üzv dövlətləri və Asiyanın regional təşkilatlarının təhlükəsiz, səmərəli və iqlim dəyişikliyinə davamlı nəqliyyat dəhlizlərinin təmin edilməsi istiqamətində səyləri" mövzusunda panel müzakirədə bildirib.

"ETR, ECMR kimi nəqliyyat xidmətlərinin rəqəmsallaşdırılması alətləri və multimodal məlumat və sənədlərin rəqəmsallaşdırılması üçün ümumi semantik standartlardan istifadə, prosedurların daha yaxşı uyğunlaşdırılması, nəqliyyat dəhlizlərinin səmərəliliyinin artırılması və emissiyaların azaldılması üçün tövsiyə olunur. Nəhayət, yükdaşıma nəqliyyatında, limanlarda və logistika terminallarında ekoloji cəhətdən təmiz yanacaq növlərinə keçid bu sektorda karbon neytrallığına nail olmaq üçün vacib addım olacaq. Bu keçid texnoloji inkişaf nəzərə alınmaqla həyata keçirilməlidir.

Tarixən neft məhsulları beynəlxalq dənizçilik və yükdaşımalarda ümumi enerji istehlakının 99 faizindən çoxunu təşkil edib. 2022-ci ildə bioyanacaq beynəlxalq dənizçilikdə qlobal enerji ehtiyaclarının cəmi 0,5 faizindən azını təmin edib. Karbon neytrallığı məqsədlərinə nail olmaq üçün bioyanacaq, metanol, hidrogen, ammonyak və elektrik enerjisi daxil olmaqla, aşağı və sıfır karbonlu alternativ yanacaq növlərindən istifadənin əhəmiyyətli dərəcədə artırılması zəruridir", - deyə Xurşid Rüstəmov qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti