Bakı. Trend:
Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında sülh prosesindəki son hadisələrə qətiyyətli dəstəyini ifadə edib.
Trend xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Maqdalena Qrono bildirib.
“Azərbaycan və Ermənistan arasındakı sülh prosesi istiqamətində atılmış son nikbin addımlar silsiləsindən o cümlədən Azərbaycanın Ermənistan üçn Azərbaycandan malların tranzitinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılmasını elan etməsindən çox ilhamlandıb”, - deyə Qrono rəsmi “X” səhifəsində yazıb.
O, Avropa İttifaqının belə təşəbbüsləri dəstəkləməyə hazır olduğunu vurğulayıb.
“Avropa İttifaqı bu praktiki addımları səmimi qarşılayır və oxşar bütün təşəbbüsləri, eləcə də etimadın möhkəmləndirilməsi üçün əlavə tədbirləri dəstəkləməyə hazırdır”, – Grono qeyd edib.
Xüsusi nümayəndə həmçinin regional infrastrukturun bərpası ilə bağlı planlara diqqət çəkib. “Biz həmçinin Ermənistan və Türkiyə arasında Gümrü-Qars dəmir yolunun bərpası və yenidən işə salınmasına həsr olunmuş növbəti görüşün hazırlanmasını alqışlayırıq”, – deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 21-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə birgə mətbuata verdiyi bəyanatda, xüsusilə vurğulayıb ki, Azərbaycan işğal dövründən bəri mövcud olan Ermənistan istiqamətində yük tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırıb.
“Həmçinin deməliyəm ki, Azərbaycan Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırıb. Belə bir ilk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub. Zənnimcə, bu, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün yalnız kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”,- deyə Prezident İlham Əliyev vurğulayıb.