Ağdam. Trend:
Ağdamda aparılan tikinti işləri təəcübləndirir. Bundan əvvəl bu yer az qala səhraya bənzəyirdi.
Trend xəbər verir ki, bunu Almaniyadan olan səyyah Oliver Kempkens Ağdam şəhərinə səfəri zamanı jurnalistlərə verdiyi açıqlamada deyib.
“Bu mənim Azərbaycana ikinci səfərimdir. İlk dəfə mən burada 2017-ci ildə olmuşam. Həmin vaxt Bakıda keçirilən konfransda Moskvanı təmsil edən professor kimi çıxış edirdim. Elə o vaxt da gördüklərimdən çox təsirlənmişdim”, -deyə o qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanla başqa post-sovet ölkələri müqayisə etdikdə, Azərbaycanda tam fərqli abu-hava hiss olunur: Avropa ruhlu müasir ölkədir, əhalisi savadlıdır, həyat ritmi isə yüksəkdir.
“Əminəm ki, Ağdam yaxın gələcəkdə bütün çətinlikləri arxada qoyaraq inkişaf edən rayona çevriləcək. Azərbaycan xalqını və ölkə rəhbərliyini təbrik edirəm – bu, fantastik bir işdir”,- deyə Kempkens bildirib.
Qeyd edək ki, səkkiz ölkədən olan səyahətçilər qrupuna “Extreme Traveler International Congress” (ETIC – Beynəlxalq Ekstremal Səyyahlar Konqresi) klubunun rəhbəri Kolya Sporin rəhbərlik edir.
Nümayəndə heyəti Ağdam–Xankəndi–Laçın–Şuşa–Füzuli marşrutu üzrə iki günlük avtomobil səyahəti planlaşdırır.
Azad olunmuş ərazilərin black tourism (“qara turizm”) çərçivəsində tanıdılması və genişmiqyaslı tikinti və bərpa işlərinin nümayiş etdirilməsi məqsədilə aparıcı beynəlxalq səyahətçi klubları 2021–2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzur bölgələrinə 14 səfər təşkil edib. Bu, artıq 15-ci belə səfərdir.