Ağdam. Trend:
Burada sonuncu dəfə 2021-ci ildə olmuşam və o vaxtdan bəri burada işlərin bu qədər sürətlə və keyfiyyətlə aparılmasına heyran qalmışam.
Trend xəbər verir ki, bunu Ağdam şəhərinə səfər edən Portuqaliyadan olan səyyah Juao Paulo Peyşoto bildirib.
“Mən həyata keçiriləcək planları görmüşdüm, indi isə bunların hamısının həqiqətən yerinə yetirildiyinin şahidi oluram. Yenidənqurma işlərini müşahidə etmək, insanların yenidən burada sülh içində yaşadığını görmək çox xoş oldu”, - deyə o əlavə edib.
Qeyd edək ki, səkkiz ölkədən olan səyahətçilər qrupuna “Extreme Traveler International Congress” (ETIC – Beynəlxalq Ekstremal Səyyahlar Konqresi) klubunun rəhbəri Kolya Sporin rəhbərlik edir.
Nümayəndə heyəti Ağdam–Xankəndi–Laçın–Şuşa–Füzuli marşrutu üzrə iki günlük avtomobil səyahəti planlaşdırır.
Azad olunmuş ərazilərin black tourism (“qara turizm”) çərçivəsində tanıdılması və genişmiqyaslı tikinti və bərpa işlərinin nümayiş etdirilməsi məqsədilə aparıcı beynəlxalq səyahətçi klubları 2021–2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzur bölgələrinə 14 səfər təşkil edib. Bu, artıq 15-ci belə səfərdir.