Bakı. Trend:
Yunanıstanın Rodos adasında şahmat üzrə klublararası Avropa kuboku davam edir.
Trend-in məlumatına görə, Azərbaycanın “Vüqar Həşimov” klubu – Rauf Məmmədov, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Read Səmədov, Vüqar Manafov, Xəzər Babazadə və qazaxıstanlı Noqerbek Kazıbek – Niderlandın “LSG Leiden” komandasına 5:1 hesabı ilə qalib gələrək turnirdə 3-cü pilləyə yüksəlib.
Şəhriyar Məmmədyarovun çıxış etdiyi Türkiyənin “Beyegan Pendik” klubu isə indiyə qədər ən yaxşı nəticəni göstərib və lider mövqeyindədir. Xaqan Əhmədin komandası “Türk Hava Yolları” yeddinci yerdə qərarlaşıb.
Qadınlar turnirində isə Gövhər Beydullayevanın çıxış etdiyi Serbiyanın “Sirmium Sremska Mitrovica” klubu ən çox xalla liderdir. Ülviyyə Fətəliyevanın yer aldığı Rumıniya “Superchess”i isə 5 xalla dördüncü pillədədir.
Müsabiqə İsveçrə sistemi üzrə keçirilir və oktyabrın 25-dək davam edəcək.