...

“Türkman irsi: tarixi köklərə sədaqət” adlı panel müzakirəsi təşkil olunub (FOTO)

Cəmiyyət Materials 21 Oktyabr 2025 17:22 (UTC +04:00)
“Türkman irsi: tarixi köklərə sədaqət” adlı panel müzakirəsi təşkil olunub (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 20-də Xankəndidə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu çərçivəsində “Türkman irsi: tarixi köklərə sədaqət” adlı panel müzakirəsi keçirilib.

Trend xəbər verir ki, “Çapar Milli İrsin Tədqiqi Mərkəzi” İctimai Birliyinin sədri Dilqəm Əhmədin moderatorluğu ilə keçirilən müzakirələrin spikerləri – türkman irsi üzrə görkəmli tədqiqatçı, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Milli Məclisin sədr müavini, “Nəsimi” operasının librettosunun müəllifi, akademik Rafael Hüseynov, türkman irsi üzrə tədqiqatçı Orxan İsayev olub. İraq Türkman Cəbhəsinin rəhbəri Ərşad Salehinin, Suriya Türkman platformasının təsisçisi Esad Arberin panel iştirakçılarına videomüraciəti olub.

Müzakirələrdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə 2025-ci il martın 18-də Heydər Əliyev Mərkəzində "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumunun keçirilməsi məmnunluqla xatırlanıb. Həmin forum çərçivəsində İraq, Suriya və Türkiyədən 30-dan çox vətəndaş cəmiyyəti təmsilçisi Azərbaycanda olub, heyət işğaldan azad edilmiş ərazilərə - Xocalı, Xankəndi, Şuşa və Füzuliyə səfər edib, ilaxır çərşənbəni Bakıda keçirib, Novruz şənliklərinə qatılıb.

Bu il Agentliyin donorluğu ilə “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi “Türkman marşı” musiqisini ərsəyə gətirib. Mahnını vətənpərvərlik mahnılarının görkəmli ifaçısı Şəmistan Əlizamanlı oxuyub, musiqi əsərinin sözləri tanınmış kərküklü şair Sabah Karaaltına (1956-2006) məxsusdur.

Müzakirələrdə qeyd olunub ki, ortaq dəyərlər türk dünyasının böyük sərvətidir, türkmanlar ləyaqətlə öz milli kimliklərini, dilini və mədəniyyətini qorumağı bacarıb, yaşadıqları ölkələrin tərəqqisinə mühüm töhfələr verib, rifahın, əmin-amanlığın təmin olunmasında yaxından iştirak edib. Hazırda Azərbaycanın İraq və Suriya ilə münasibətlərinin yüksələn xətt üzrə inkişaf səviyyəsi türkmanlarla əlaqələrin yeni səviyyəyə qaldırılmasına imkan yaradır.

Türkman irsi üzrə görkəmli tədqiqatçı, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev xatırladıb ki, Ümummilli Lider Heydər Əliyev 2000-ci ildə İstanbulda “Qardaşlıq” dərgisinə müsahibəsində türkmanlarla əlaqədar məsələni dəqiq ifadə edib, o həmin fikirlərdən sitatı səsləndirib:

“Tarixi araşdıranda gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan və İraq türkmanları bir bütövün parçalarıdır”. Qəzənfər Paşayev bu il “Azərbaycan-İraq türkman ədəbi əlaqələri: ayrılığın sonu” adlı kitab ərsəyə gətirdiyini bildirib. Nəşrin redaktoru Kərkük Kültür Dərnəyinin başçısı Şəmsəddin Kuzəçidir:

“Sevinirəm ki, məhəbbətlə yazdığım, Azərbaycan-İraq türkman ədəbi əlaqələrinin 1960-2025-ci illər arası bir dövrünü əhatə edən əsəri başa çatdırmışam”. Qəzənfər Paşayev türkmanlarla əlaqələrin gücləndirilməsinə dair konkret təkliflərlə çıxış edib, vətəndaş cəmiyyəti təmsilçilərini bu prosesə daha çox dəstək verməyə çağırıb.

Milli Məclisin sədr müavini, “Nəsimi” operasının librettosunun müəllifi, akademik Rafael Hüseynov bildirib ki, Prezident İlham Əliyev 2024-cü il fevralın 14-də andiçmə mərasimində “Bizim ailəmiz Türk dünyasıdır” söyləyib:

“Bu, fövqəladə tarixi və siyasi mənası olan bəyanatdır. Bu açılan perspektivdə bizim İraq türkləri məsələsinə yanaşmamız və hərəkətlərimiz də keçmişdəkilərdən köklü şəkildə fərqlənməli, qat-qat miqyaslı, intensiv və bəhrəli olmalıdır”.

Türkman irsi üzrə tədqiqatçı Orxan İsayev professor Qəzənfər Paşayevin elmi redaktorluğu ilə bu yaxınlarda “Kərküklü Növrəs Qədim: həyatı və yaradıcılığı, “Tarixçeyi-Növrəs” əsəri, qəzəlləri” adlı kitab nəşr etdirdiyini bildirib. O, bu tədqiqat işində çoxsaylı yeniliklərin ortaya çıxdığını qeyd edib.

İraq Türkman Cəbhəsinin rəhbəri Ərşad Salehi, Suriya Türkman platformasının təsisçisi Esad Arber videomüraciətlərinə doğma Azərbaycana məhəbbət ifadə ediblər, türkman mövzusunda geniş müzakirələrə görə tədqiqatçı-alimlərə, QHT-lərə minnətdarlıqlarını çatdırıblar.

“Çapar Milli İrsin Tədqiqi Mərkəzi” İctimai Birliyinin sədri Dilqəm Əhməd məlumat verib ki, 2026-cı ildə Bakıda türkman irsi ilə əlaqədar vətəndaş cəmiyyətlərinin həmrəyliyinə dair növbəti forumun keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti