Bakı.Trend:
“Azərbaycan Dəmir Yolları” QSC və “Balakhani Operating Company” LTD-nin təşkilatçılığı ilə Dəmiryol Muzeyində “Qara qızılın saldığı dəmir yollar” adlı fotosərginin açılışı olub.
Trend xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, sərgi XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda neft və dəmir yolları arasında formalaşan qarşılıqlı əlaqəni əks etdirən nadir arxiv fotolarını təqdim edir. Bu fotoların əksəriyyəti ilk dəfədir ki, ictimaiyyətə nümayiş olunur.
“Qara qızılın saldığı dəmir yollar” sərgisi Azərbaycanın sənaye və nəqliyyat tarixində mühüm yer tutan iki sahənin — neft və dəmir yollarının bir-birini tamamlayan inkişaf yolunu nümayiş etdirir. 1880-ci ildə Azərbaycanın ilk dəmir yolu – Bakı–Sabunçu–Suraxanı xətti istifadəyə verilib. Bu qatarlar dünyada ilk dəfə nefti vaqon-sisternlərlə daşıyaraq tarix yazıb. Çox keçmədi ki, həmin dəmir yolları təkcə neft deyil, həm də sərnişinləri, Abşeronun mədənlərindən şəhərə və ya əksinə üz tutan minlərlə neftçi və onların ailələrini daşımağa başlayıb. 1926-cı ildə isə Bakıda keçmiş SSRİ-də ilk elektrikləşdirilmiş dəmir yolu istifadəyə verilib. Həmin xəttin qatarları bu gün Dəmiryol Muzeyinin yerləşdiyi binadan Sabunçuya yola düşürdü.