Bakı. Trend:
“Şahdəniz” Konsorsiumu artıq faktiki olaraq “Shah Deniz Compression” layihəsi üzrə tikinti işlərinə başlayıb.
Bu barədə Trend-ə “BP-Azerbaijan”şirkətinin mətbuat xidmətinin rəhbər Tamam Bayatlı açıqlama verib.
O bildirib ki, yuxarı modulların tikintisi işləri “Azfen” şirkətinə (SOCAR və “Tekfen İnşaat”ın birgə müəssisəsi) həvalə olunub:
“Bu yaxınlarda şirkət yuxarı modulların tikintisi üçün metal kəsimi üzrə ilk işlərə başlayıb. Eyni zamanda, “Shah Deniz Compression” layihəsinin icrası və eləcə də dəniz işlərinin aparılması üçün “Saipem/BOS Shelf” birgə müəssisəsi ilə üç iri müqavilə imzalanıb. Bu şirkət layihə üzrə bütün sualtı infrastruktur işlərini həyata keçirəcək. Təxminən 26 kilometr uzunluğunda yeni sualtı boru kəməri qurulacaq və yeni platforma mövcud infrastrukturla birləşdiriləcək. Platforma hazır olduqdan sonra dənizə daşınaraq orada Saipem/BOS Shelf birgə müəssisəsi tərəfindən quraşdırılacaq”.
T. Bayatlı vurğulayıb ki, yalnız bir müqavilənin – platformanın dayaqlı bloku üzrə müqavilənin bağlanması qalır:
“Bunu ilin sonuna qədər elan edəcəyik. Beləliklə, “Shah Deniz Compression” layihəsinin bütün əsas müqavilələri tamamlanacaq və müvafiq işlər başlayacaq”.
Qeyd etmək lazımdır ki, 2,9 milyard ABŞ dolları dəyərində olan “Shah Deniz Compression” layihəsi “Şahdəniz” qaz yatağının növbəti inkişaf mərhələsidir. Layihənin məqsədi aşağı təzyiqli yataqlardan qaz hasilatını təmin etmək və onları istismara əlçatan etmək, beləliklə qazın maksimal hasilat əmsalına nail olmaqdır.
Layihə çərçivəsində əlavə olaraq təxminən 50 milyard kubmetr qaz və təxminən 25 milyon barrel kondensat hasil edilərək ixrac olunacaq.
Layihə çərçivəsində yeni bir kompressiya obyekti – elektriklə işləyən texniki xidmət tələb etməyən kompressiya platforması (eNUI) inşa olunacaq.
Platforma 85 metr dərinlikdə, mövcud “Shah Deniz Bravo” platformasından təxminən 3 kilometr məsafədə quraşdırılacaq. Platformada hər biri 11 meqavat gücündə dörd kompressor yerləşdiriləcək.
“Shah Deniz Compression” həm “Shah Deniz Alpha”, həm də Shah Deniz Bravo” platformalarından hasil edilən qaz üçün əsas kompressiya mərkəzi olacaq. Bu o deməkdir ki, hər iki platformadan ixrac ediləcək qaz sahilə - “Səngəçal” terminalına göndərilməzdən əvvəl “Shah Deniz Compression” platformasında ilkin olaraq sıxılacaq.
Layihəyə həmçinin “Şahdəniz” yatağının müqavilə zonasındakı bir sıra köməkçi obyektlərin tikintisi və mövcud infrastruktur – “Shah Deniz Alpha”, “Shah Deniz Bravo” platformaları və “Səngəçal” terminalı üzrə işlərin aparılması daxildir.