Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla Çin arasında ticarət əməliyyatlarının həcmi 3,4 milyard ABŞ dolları təşkil edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 745,2 milyon ABŞ dolları və ya 28,1% çoxdur.
Hesabat dövründə Çin ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 9,61%-i həcmində olub. Bununla da Çin hesabat dövründə Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 4-cü pillədə qərarlaşıb.
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan Çinə 70,6 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 57,1 milyon ABŞ dolları və ya 5,2 dəfə çoxdur.
Eyni zamanda, hesabat dövründə Çindən Azərbaycana 3,3 milyard ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 688,1 milyon ABŞ dolları və ya 26,1% artım deməkdir. Bununla da hesabat dövründə Çin Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında ilk pillədə qərarlaşıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 35,375 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 877 milyon ABŞ dolları və ya 2,5% çoxdur.
Xarici ticarət dövriyyəsinin 18,606 milyard ABŞ dolları ixracın, 16,769 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 1,248 milyard ABŞ dolları və ya 6,3% azalıb, idxal isə 2,126 milyard ABŞ dolları və ya 14,5% artıb.
Son nəticədə xarici ticarətdə 1,837 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3,374 milyard ABŞ dolları və ya 2,8 dəfə azdır.