Bakı. Trend:
Bakıda Azərbaycan, Latviya, Estoniya və Finlandiya işgüzar dairələri arasında əməkdaşlığın inkişafına yönəlmiş qarşılıqlı anlaşma memorandumlarının imzalanma mərasimi keçirilib.
Trend xəbər verir ki, imzalanma mərasimi Bakıda keçirilən “Mərkəzi Baltikyanı – Azərbaycan” biznes forumu çərçivəsində baş tutub.
Birinci memorandum “Caspian Energy Club” qrupunun İdarə Heyətinin sədri və baş direktoru Telman Əliyev, Latviya Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Katrina Zariņa və Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya tərəfindən imzalanıb.
İkinci memorandum “Caspian Energy Club” ilə Finlandiyanın Satakunta Tətbiqi Elmlər Universiteti arasında imzalanıb. Sənədə Təelman Əliyev, universitetin dekanı Heykki Haaparanta və Finlandiyanın Azərbaycandakı səfiri Kirsti Narinen imza atıblar.
Üçüncü sənəd “Caspian Energy Club” ilə Estoniyanın Azərbaycandakı səfirliyi arasında imzalanıb. Estoniya tərəfdən sənədi səfir Veyno Reynart imzalayıb.
Növbəti üç saziş Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə xarici tərəfdaşlar arasında əməkdaşlığa həsr olunub.
Sənədləri ASK-ın vitse-prezidenti Vüqar Zeynalov və Latviya Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Katrina Zariņa imzalayıblar.
Eyni zamanda, Satakunta Tətbiqi Elmlər Universiteti ilə ASK arasında da memorandum imzalanıb.
Bundan əlavə, Estoniyanın Azərbaycandakı səfirliyi ilə ASK arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Sənədə Vüqar Zeynalov və səfir Veyno Reynart imza atıblar.
Daha üç sənəd isə “Nordic Business Community Azerbaijan” və onun xarici tərəfdaşları tərəfindən imzalanıb.
Xüsusilə, sənədi "Nordic Business Community Azerbaijan" təşkilatının koordinatoru Bəhram Atabəyli və Katrinya Zariņa imzalayıblar.
Bundan əlavə, Bəhram Atabəyli və Heykki Haaparanta "Nordic Business Community Azerbaijan" ilə Satakunta Tətbiqi Elmlər Universiteti arasında sənəd imzalayıblar.
Daha bir memorandum isə Bəhram Atabəyli və səfir Veyno Reynart tərəfindən imzalanıb.
Həmçinin, Finlandiyanın “EnergiaVFX” şirkəti ilə Azərbaycanın “RogVFX” şirkəti arasında, eləcə də Estoniyanın “Fleetguru” şirkəti ilə Azərbaycanın “Axiom” şirkəti arasında qarşılıqlı anlaşma memorandumları imzalanıb.