Bakı. Trend:
“Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin hərraca çıxarılması və hərracda satılması barədə Təlimat”da dəyişiklik edilib.
Trend-in məlumatına görə, bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov müvafiq qərar imzalayıb.
Mövcud qanunvericiliyə əsasən, hərracın iştirakçısı olmadıqda (sifariş verilmədikdə), hərracın qalibi olmadıqda (iştirakçı biletini qaldırmadıqda) və ya hərracın qalibi tərəfindən protokol imzalanmadıqda həmin gün hərracın baş tutmaması barədə protokol tərtib olunur və Təşkilatçı tərəfindən rəsmi internet səhifəsində hərracın baş tutmaması haqqında elan və həmin əmlakın növbəti hərracda satışı barədə elan yerləşdirilir.
Yeni qərara əsasən, birinci hərrac baş tutmadıqda Təşkilatçı tərəfindən hər növbəti hərraclararası müddət 10 gündən az olmayaraq müəyyən ediləcək.
Məlumat üçün bildirək ki, qərar oktyabrın 10-da qəbul edilib, oktyabrın 17-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, oktyabrın 18-dən qüvvəyə minib.