Bakı. Trend:
Ermənistan Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana yük tranziti üzrə məhdudiyyətlərin ləğv edilməsi ilə bağlı bəyanatını alqışlayır.
Trend xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan özünün "Facebook" səhifəsində yazıb.
“Bu addım regional kommunikasiyaların açılması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və Vaşinqtonda əldə olunmuş razılaşmalara uyğun olaraq Ermənistan və Azərbaycan arasında sülhün institusional şəkildə qurulması baxımından mühüm əhəmiyyət kəsb edir”, - deyə o bildirib.
Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə birgə mətbuata bəyanatında qeyd edib ki, Azərbaycan Ermənistana qarşı işğal dövründən mövcud olmuş bütün məhdudiyyətləri aradan qaldırıb.
“Qeyd etməliyəm ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir,” – deyə dövlət başçısı bəyan edib.