Bakı. Trend:
Gələcəkdə marşrutun genişləndirilməsi məqsədilə Latviya limanlarının Orta Dəhlizə qoşulmasını nəzərdən keçirmək olar.
Bunu Trend-ə açıqlamasında Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya deyib.
“Latviya şirkətləri bu layihəni logistika baxımından böyük maraq və diqqətlə araşdırır. Əminəm ki, gələcəkdə Baltik limanlarının, o cümlədən Latviya limanlarının marşrutun şimal-şərqi Avropa istiqamətində uzantısına qoşulmasını və Baltik dənizinə çıxış imkanını nəzərdən keçirə biləcəyik. Şirkətlərimiz bu məsələni ciddi şəkildə təhlil edirlər”, - deyə o vurğulayıb.
Diplomat qeyd edib ki, “yaşıl energetika" sahəsində tərəflər arasında müxtəlif səviyyələrdə, o cümlədən özəl sektor daxilində fəal təcrübə mübadiləsi həyata keçirilir. Onun sözlərinə görə, şirkətlərdən biri artıq bu istiqamətdə fəaliyyət göstərir. Həmin şirkət bərpa olunan enerji mənbələrinə əsaslanan işıqlandırma və “yaşıl texnologiyalar"ın tətbiqi üzrə layihələr reallaşdırır.
“Hazırda bu, əsasən təcrübə mübadiləsi səviyyəsindədir, lakin biz gələcəkdə ikitərəfli layihələrin də həyata keçirilməsi üzərində çalışırıq”, - Skuya vurğulayıb.
Səfir həmçinin qeyd edib ki, Hökumətlərarası Komissiyanın iclasının keçiriləcəyi tarix hələ müəyyən edilməyib.
“Həmsədrlərin son görüşü COP tədbiri çərçivəsində baş tutmuşdu və həmin vaxt komissiyanın iclasının keçirilməsi barədə razılıq əldə olunmuşdu. Lakin sonradan həmsədrlərin tərkibində dəyişiklik baş verdi. Hazırda Azərbaycan tərəfdən yeni həmsədrin təyin edilməsini gözləyirik”, - deyə diplomat əlavə edib.