Bakı. Trend:
Özbəkistanda səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov "Birlik - 2025" birgə regional təlimində ölkəmizi təmsil edən hərbi qulluqçularla görüşüb.
Trend bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Keçirilən təlimin ölkələrimiz arasında birgə regional
fəaliyyətin effektivliyinə təsirini xüsusi vurğulayan müdafiə
naziri təlimdə yüksək peşəkarlıq və bacarıq nümayiş etdirən
Azərbaycan Ordusunun komando və PUA heyətlərinin döyüş hazırlığını
yüksək qiymətləndirib.
General-polkovnik Z.Həsənov bu cür birgə təlimlərin ordularımızın
yüksək döyüş qabiliyyətinin göstəricisi olduğunu bildirib.
Nazir təlim iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar
arzulayaraq "Birlik - 2025" birgə regional təliminin yüksək
səviyyədə təşkil olunmasından məmnunluğunu ifadə edib.