Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) Azərbaycandan su təsərrüfatı sektorunda yeddi layihənin dəstəklənməsi ilə bağlı müraciət alıb.
Bunu AİB-in Cənubi Asiya departamentinin Şəhərsalma və Su ehtiyatları bölməsinin direktoru Norio Sayto Trend-ə verdiyi özəl müsahibədə deyib.
“Azərbaycanın Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, həmçinin Dövlət Su Ehtiyatları Agentliyi ilə məhsuldar müzakirələr aparıldı. Biz yeddi layihə üzrə dəstək üçün müraciət aldıq. Söhbət su ehtiyatlarının idarə edilməsinin gücləndirilməsi və səmərəliliyinin artırılmasından, məsələn, mövcud su təmizləyici qurğuların yenidən qurulması və ya mövcud su kəmərlərinin modernləşdirilməsi ilə sistemlərin effektivliyinin artırılmasından gedir”,- deyə o bildirib.
Sayto iki ay əvvəl Asiya İnkişaf Bankı (AİB) komandasının ekspress-sahə tədqiqatı apararaq bu layihələrin aktuallığını qiymətləndirdiyini xatırladıb.
“Mən hesab edirəm ki, yeddi layihənin hər biri həqiqətən də vacib və aktualdır. Hazırda biz hökumətin yekun qərarını gözləyirik – bu yeddi layihədən hansıların AİB dəstəyi ilə həyata keçirilməsini istədiyini biləcəyik. Düşünürəm, hökumət həmçinin digər tərəfdaşlara da müraciət edib. Hazırda onlar bu layihələrin hansı hissəsinin AİB tərəfindən maliyyələşdirilməli olduğunu nəzərdən keçirirlər. Dəqiq siqnal aldıqdan sonra komandamız daha ətraflı diaqnostika aparacaq, çox güman, layihələrin smeta dəyərini yeniləyəcək və həyata keçiriləcək tədbirlər üzrə "yol xəritəsi"nin razılaşdırılmasını təmin edəcək”, - deyə o bildirib.
AİB nümayəndəsi bu sahədə Azərbaycana mümkün dəstəyin üç əsas istiqamətini də qeyd edib.
“Birinci aspekt – səmərəlilikdir. Bu, Cənubi Asiya üçün problematik sayılsa da, mən bildiyimə görə, elə Azərbaycan üçün də aktualdır. Su təchizatı sisteminin təkmilləşdirilməsi dayanıqlığı artıracaq. İkinci aspekt – inklüzivlikdir. Cənubi Asiyada və AİB-in fəaliyyət göstərdiyi digər Asiya regionlarında biz su təchizatı və kanalizasiya sistemlərinə fərdi təsərrüfat səviyyəsində qoşulmanı təmin edirik ki, hər kəs bu sistemdən istifadə edə bilsin. Bu, xüsusilə ictimai sağlamlıq baxımından çox vacibdir. Biz istəyirik ki, bütün vətəndaşlara inklüziv və təhlükəsiz idarə olunan su təchizatı və sanitar xidmətlər göstərilsin”, - deyə o əlavə edib.
Saito qeyd edib ki, üçüncü aspekt dayanıqlılıqla bağlıdır.
“Dünyanın bir çox şəhərləri hazırda, məsələn, daşqın kimi problemlərlə üzləşir. Amma əslində yağış və sel suları mühüm su ehtiyatıdır. Bəzi ölkələrdə biz yeraltı suların bərpası tədbirlərini dəstəkləyirik ki, yağış suları yeraltı su təbəqələrində və ya xüsusi anbarlarda toplanaraq sonradan zərurət yarandıqda istifadə olunsun. Bu yanaşmalardan bəziləri Azərbaycanda da tətbiq edilə bilər”, – deyə o əlavə edib.
Hökumət və yerli hakimiyyət orqanları ilə tərəfdaşlıq vasitəsilə dayanıqlı şəhər inkişafının təmin olunması
Sayto qeyd edib ki, dövlət sektoru ilə iş zamanı Asiya İnkişaf Bankının (AİB) əsas tərəfdaşı milli hökumətdir.
"Lakin şəhər infrastrukturu ilə bağlı bir çox məsələlər yerli hakimiyyət orqanlarının və ya bələdiyyələrin əsas rolunu tələb edir. Onlar layihənin icraçısı qismində çıxış edə bilərlər. Artıq planlaşdırma mərhələsində biz yerli hakimiyyətləri layihənin həyata keçirilməsi üçün lokomotiv kimi cəlb edirik. Bəzi ölkələrdə layihələr nazirliklər səviyyəsində həyata keçirilsə də, aktivlər tez-tez yerli hakimiyyət orqanlarına və ya bələdiyyələrə verilir. Belə hallarda vətəndaşlara uzunmüddətli və dayanıqlı xidmət göstərilməsi üçün onların potensialının gücləndirilməsi son dərəcə vacibdir".
AİB nümayəndəsinin sözlərinə görə, digər vacib aspekt maraqlı tərəflərin cəlb olunmasıdır. Bu təkcə yerli hakimiyyətlər deyil, əhalini də əhatə edir.
"AİB layihənin hazırlanması mərhələsində yerli iştirakçılarla qarşılıqlı əlaqə proseslərini tətbiq edir ki, əhali layihə haqqında məlumatlı olsun və layihənin necə hazırlanmalı və həyata keçirilməli olduğu barədə öz fikirlərini bildirə bilsin. Bu fikirlər layihənin hazırlanması zamanı nəzərə alınır", – deyə o izah edib.
Şəhərlərdə su ehtiyatlarının dayanıqlı idarə olunması üçün əsas strategiyalar
"Su ehtiyatlarına bütünlüklə baxmaq lazımdır – mənbədən dənizə qədər: su haradan gəlir, necə istifadə olunur və necə təhlükəsiz şəkildə utilizasiya olunur və ya təmizlənir. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda, su ehtiyatlarının 80%-dən çoxu kənd təsərrüfatında istifadə olunur. Lakin bu sektor çox zaman qeyri-səmərəli fəaliyyət göstərir. Bu problemin həlli, eləcə də kənd təsərrüfatı və suvarma sistemlərinin effektivliyinin artırılması olduqca vacibdir."
Sayto bildirib ki, AİB şəhər səviyyəsində suyun istifadəsinin səmərəliliyini də qiymətləndirir.
"Geri qaytarılmayan suyun (non-revenue water – yəni itirilən, amma gəlir gətirməyən suyun) azaldılması mühüm rol oynayır. Bundan əlavə, suyun nə dərəcədə effektiv və qənaətlə istifadə olunması da önəmlidir", – deyə o əlavə edib.
O vurğulayıb ki, daha bir vacib məsələ suyun təmizlənməsidir:
"Çirkab sular mütləq təmizlənməlidir. Amma su ehtiyatları getdikcə məhdudlaşdığına görə, təmizlənmiş və ya çirkab suların yenidən istifadəsi məsələsi də nəzərdən keçirilməlidir — bu, sənayedə, kənd təsərrüfatında, hətta içməli su kimi də istifadə oluna bilər."
İqlim dəyişikliyinə uyğunlaşmanın şəhər inkişafı layihələrinə inteqrasiyası
Sayto qeyd edib ki, AİB layihələrin ilkin hazırlıq mərhələsində iqlim riskləri və həssaslıq dəyərləndirməsini aparır.
"Bu qiymətləndirmə həssas sahələri müəyyən etməyə və onların necə aradan qaldırıla biləcəyini anlamağa imkan verir. Bu, məsələn, drenaj sistemi və ya həssaslıq yaradan digər amillər ola bilər. Sonra isə layihə sənədlərində bu məqamlar nəzərə alınır ki, şəhər və layihə bir sistem kimi öz dayanıqlılığını əhəmiyyətli dərəcədə artıra bilsin", – deyə o izah edib.